"44 günlük müharibədə jurnalistlər təkcə xəbər yazmadılar, həm də əməliyyatlara cəlb olundular" - Naqif Həmzəyev
Hər il 22 iyul tarixi Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Bu tarix təsadüfi seçilməyib – məhz 1875-ci il iyulun 22-də görkəmli ziyalı, təbiətşünas alim və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində ilk qəzet olan “Əkinçi” nəşr olunmağa başlayıb. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir”.
Bu fikirləri Azərbaycanda 22 iyul – Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Patrul.az-a öz duyğularını bölüşən Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Deputat jurnalistikanın keçmişdən bu günə qədər keçdiyi çətin yollardan, Vətən müharibəsində qələbənin təkcə səngərdə deyil, informasiya cəbhəsində də qazanılmasından danışıb:
“Əkinçi” cəmi iki il – 1875-1877-ci illər arasında fəaliyyət göstərib və 56 sayı işıq üzü görüb. Çar Rusiyası qəzetin xalqın maarifləndirilməsindəki roluna görə onun nəşrini dayandırsa da, “Əkinçi”nin yolu davam etdi. “Ziya”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Molla Nəsrəddin” və digər onlarla nəşr Azərbaycan milli mətbuatının tarixini yazdı.
1993-cü ildən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar mətbuatın inkişafında dönüş nöqtəsi oldu. Senzura ləğv edildi (1998-ci ilin avqustunda dövlət senzurası tamamilə aradan qaldırıldı), söz və məlumat azadlığını təmin edən qanunvericilik bazası yaradıldı.
Bu siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
2021-ci ildə “Media haqqında” Qanun qəbul olundu;
Medianın İnkişafı Agentliyi yaradıldı;
Media subyektlərinə 6 illik vergi güzəştləri tətbiq edildi;
Jurnalistlərin sosial müdafiəsi (o cümlədən güzəştli ipoteka krediti hüququ) gücləndirildi;
2026-cı il iyulun 14-də Media və Yayım Şurasının yaradılması barədə qanun layihəsi Milli Məclisdə qəbul olundu”.
N. Həmzəyev işğaldan azad olunan Qarabağda da bu tarixi günün 30 ildən sonra böyük sevinclə qeyd edildiyini diqqətə çatdırıb:
“Ermənistanın 30 ilə yaxın davam edən işğalından azad olunduqdan sonra jurnalistlər öz peşə bayramlarını ilk dəfə Qarabağın tacı Şuşa şəhərində qeyd etməyə başladılar. 2023-cü ildən başlayaraq hər il Şuşada Qlobal Media Forumu keçirilir. 2026-cı ilin 13-14 iyul tarixlərində “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Forum baş tutub.
2025-ci ildə Azərbaycan milli mətbuatı 150 illik yubileyini qeyd etdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı təsis olundu. Prezidentin sərəncamında vurğulandığı kimi, “Əkinçi” qəzeti milli özünüdərkin, ictimai, siyasi və bədii fikrin inkişafına, mütərəqqi jurnalist nəslinin yetişməsinə önəmli töhfə vermişdir”.

Həmsöhbətimiz 44 günlük Vətən müharibəsi zamanı media nümayəndələrinin də düşmənə qarşı daha bir cəbhə açaraq Azərbaycan həqiqətlərini dünyaya çatdırdıqlarını xatırladıb:
“Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib. 44 günlük Vətən müharibəsi zamanı jurnalistlər cəbhə xəttində həm xəbər istehsalçısı kimi fəaliyyət göstərib, həm də səfərbərlik proqramı çərçivəsində əməliyyatlara cəlb olunublar. Onların arasında döyüşlərdə fərqlənərək medallarla təltif edilənlər də var.
Prezident İlham Əliyevin dediyi kimi, “Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə sadiq qalmalı, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır”. Rəqəmsallaşma, süni intellekt, dezinformasiya ilə mübarizə və media savadlılığı bu gün mediamızın qarşısında duran əsas çağırışlardır”.
Millət vəkili sonda bu peşənin fədailərinə öz təbrikini ünvanlayıb:
“Bu əlamətdar gün münasibətilə bütün mətbuat işçilərini – qələm dostlarımızı, kameraların arxasında dayanan operatorları, redaksiyalarda gecə-gündüz çalışan jurnalistləri və media sahəsinin bütün fədakar əməkdaşlarını səmimi qəlbdən təbrik edirəm! Sizin peşəkarlığınız, cəsarətiniz və vətənpərvərliyiniz xalqımızın həqiqətə gedən yolunu işıqlandırır. Peşə bayramınız mübarək olsun!”
Gülbəniz Səfərova






