media-img-20260722-wa0020

Türkiyənin Antalya şəhərinin Muratpaşa rayonunda 5 mərtəbəli yaşayış binasının terras mərtəbəsində baş verən yanğın zamanı iki nəfər ölüm təhlükəsi ilə üz-üzə qalıb.

Patrul.az xəbər verir ki, hadisə Üçgen məhəlləsində yerləşən binada qeydə alınıb. İlkin məlumata görə, hələlik naməlum səbəbdən mənzildə yanğın başlayıb. Alovların sürətlə yayılması nəticəsində mənzildə olan Ramazan U. və Deniz Y. çıxış qapısına yaxınlaşa bilməyiblər.

Onlar alovlardan xilas olmaq üçün pəncərədən çıxaraq bir mərtəbə aşağıdakı pəncərənin üzərində yerləşən dar beton çıxıntıya eniblər və xilasedicilərin gəlməsini gözləyiblər.

Hadisə yerinə polis, yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb olunub. Yanğınsöndürənlər nərdivan vasitəsilə hər iki şəxsi təhlükəsiz şəkildə xilas ediblər. Onların xilas edilməsindən cəmi bir neçə saniyə sonra alovların daha da gücləndiyi anlar ətrafdakıların mobil telefon kamerasına düşüb.

Dumandan zəhərlənən hər iki şəxs ilkin tibbi yardımdan sonra müayinə məqsədilə xəstəxanaya aparılıb. Yanğın isə təxminən yarım saat ərzində nəzarət altına alınaraq söndürülüb.

Faktla bağlı yanğının başvermə səbəbinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.


Bənzər xəbərlər