media-img-20260722-wa0019

Milli Məclisin deputatı Azər Badamov 22 İyul – Milli Mətbuat Günü münasibətilə Patrul.az-a geniş açıqlama verib.

Deputat Azərbaycan milli mətbuatının 151 illik şərəfli inkişaf yolundan, media sahəsində həyata keçirilən islahatlardan, müasir jurnalistikanın qarşısında duran çağırışlardan və medianın dövlətçilik baxımından strateji əhəmiyyətindən danışıb.

Azər Badamov bildirib ki, Azərbaycan milli mətbuatı ötən əsrlər ərzində xalqın maariflənməsinə, milli şüurun formalaşmasına və dövlətçilik ənənələrinin möhkəmlənməsinə mühüm töhfələr verib:

“22 iyul 1875-ci ildə Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı bu gün artıq 151 illik şərəfli inkişaf yolu keçmiş güclü ictimai institut kimi fəaliyyət göstərir. Bu yol təkcə jurnalistikanın inkişaf tarixi deyil, həm də Azərbaycan xalqının milli oyanışının, dövlətçilik təfəkkürünün, azad söz uğrunda mübarizəsinin və müstəqillik salnaməsinin ayrılmaz hissəsidir.
“Əkinçi” xalqın maariflənməsini, elmə və tərəqqiyə çağırışı əsas məqsəd seçərək milli mətbuatın bünövrəsini qoydu. Sonrakı dövrlərdə “Ziya”, “Kəşkül”, “Həyat”, “Füyuzat”, “Molla Nəsrəddin”, “Kaspi” və digər nəşrlər bu missiyanı davam etdirərək milli özünüdərk prosesinə mühüm töhfələr verdilər. Onlar təkcə informasiya daşıyıcısı deyil, həm də milli ideologiyanın, maarifçiliyin və ictimai fikrin formalaşmasının aparıcı tribunasına çevrildilər”.

Deputat vurğulayıb ki, müstəqillik dövründə həyata keçirilən islahatlar Azərbaycan mediasının inkişafında yeni mərhələ yaradıb:

“Müstəqillik illərində isə Azərbaycan mətbuatı tamamilə yeni inkişaf mərhələsinə qədəm qoydu. Xüsusilə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə həyata keçirilən islahatlar, 1998-ci ildə senzuranın ləğvi və söz azadlığının təmin olunması milli medianın inkişafına geniş imkanlar yaratdı. Bu qərar Azərbaycan jurnalistikasının tarixində dönüş nöqtəsi olmaqla yanaşı, azad və məsuliyyətli medianın formalaşmasının əsasını qoydu.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən media siyasəti isə milli mətbuatın müasir dövrün çağırışlarına uyğun inkişafına yeni impuls verdi. Medianın hüquqi bazasının təkmilləşdirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, “Media haqqında” Qanunun qəbulu, MEDİA Agentliyinin fəaliyyəti, vergi güzəştləri və media subyektlərinə göstərilən dövlət dəstəyi bu sahənin davamlı inkişafına mühüm töhfə verdi. Bütün bunlar dövlətin milli mətbuata verdiyi yüksək dəyərin və strateji yanaşmasının göstəricisidir”.

Müsahibimiz qeyd edib ki, bu gün Azərbaycan mediası təkcə informasiya mənbəyi deyil, həm də dövlətin milli maraqlarını qoruyan mühüm strateji resursdur:

“Bu gün Azərbaycan mediası artıq yalnız ölkə daxilində baş verən hadisələri işıqlandıran informasiya vasitəsi deyil. O, dövlətin milli maraqlarının qorunmasında, informasiya təhlükəsizliyinin təmin edilməsində və Azərbaycanın beynəlxalq mövqeyinin gücləndirilməsində mühüm strateji resursa çevrilib.
Bunu xüsusilə İkinci Qarabağ müharibəsi və 2023-cü ilin lokal xarakterli antiterror tədbirləri zamanı bir daha gördük. Həmin dövrdə Azərbaycan mediası informasiya cəbhəsində peşəkarlıq nümayiş etdirərək operativ, dəqiq və etibarlı məlumatların ictimaiyyətə çatdırılmasını təmin etdi. Xarici mediada yayılan saxta xəbərlərin ifşası, beynəlxalq auditoriyaya Azərbaycanın haqlı mövqeyinin çatdırılması və informasiya müharibəsində qazanılan üstünlük milli mətbuatın üzərinə düşən tarixi missiyanın uğurla yerinə yetirildiyini göstərdi”.

media-img-20260722-wa0016

Deputat beynəlxalq media platformalarının Azərbaycanın informasiya diplomatiyasındakı roluna da toxunub:

“Müasir dövrdə informasiya diplomatiyası dövlətlərin xarici siyasətinin mühüm elementlərindən birinə çevrilib. Azərbaycan mediası da artıq ölkəmizin dünyaya açılan səsi funksiyasını yerinə yetirir. Beynəlxalq tədbirlərin, COP29 kimi qlobal platformaların, eləcə də Şuşa Qlobal Media Forumunun geniş işıqlandırılması Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsində mühüm rol oynayır. Şuşada keçirilən Qlobal Media Forumu müxtəlif ölkələrdən media rəhbərlərini, ekspertləri və jurnalistləri bir araya gətirərək Azərbaycanın beynəlxalq media dialoqunun mərkəzlərindən birinə çevrildiyini nümayiş etdirir”.

Həmsöhbətimiz bildirib ki, rəqəmsal dövr jurnalistika qarşısında yeni vəzifələr müəyyənləşdirir:

“Rəqəmsal texnologiyaların sürətli inkişafı milli mətbuat qarşısında yeni imkanlar və çağırışlar yaradır. Süni intellekt, rəqəmsal platformalar, sosial media, kibertəhlükəsizlik və dezinformasiyaya qarşı mübarizə artıq müasir jurnalistikanın əsas fəaliyyət istiqamətlərindəndir. Bu şəraitdə operativliklə yanaşı, faktların yoxlanılması, obyektivlik və peşəkarlıq əvvəlkindən daha böyük əhəmiyyət kəsb edir.
151 illik yubiley milli mətbuatın keçdiyi yolu dəyərləndirmək üçün mühüm fürsətdir. Bu tarix göstərir ki, Azərbaycan mətbuatı hər zaman xalqın yanında olub, dövlətçiliyin möhkəmlənməsinə, milli maraqların qorunmasına və cəmiyyətin maariflənməsinə xidmət edib. Bu gün də onun əsas missiyası dəyişmir – doğru informasiyanı operativ şəkildə cəmiyyətə çatdırmaq, Azərbaycanın haqq səsini beynəlxalq ictimaiyyətə çatdırmaq və milli maraqların informasiya məkanında etibarlı müdafiəçisi olmaq”.

Millət vəkili sonda Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib:

“151 illik zəngin ənənəyə malik Azərbaycan milli mətbuatı qarşıdakı dövrdə də müasir texnologiyalardan səmərəli istifadə edərək, peşəkarlıq, obyektivlik və məsuliyyət prinsiplərinə sadiq qalmaqla ölkəmizin inkişafına, informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə və Azərbaycanın dünyadakı nüfuzunun daha da artmasına mühüm töhfələr verməyə davam edəcək. Çünki güclü media yalnız cəmiyyətin güzgüsü deyil, həm də dövlətin dünyaya açılan etibarlı səsidir.
Fürsətdən istifadə edərək 22 iyul Milli Mətbuat Günü münasibətilə Azərbaycan mətbuatında peşəkar fəaliyyət göstərən bütün qələm sahiblərini təbrik edir, peşə fəaliyyətlərində və şəxsi həyatlarında uğurlar arzulayıram. Bayramınız mübarək!”

Ləman Sərraf


Bənzər xəbərlər