media-inshot_20260722_094415337

Yaponiya texnologiya sahəsində lider ölkələr sırasındadır. Biz bunu sosial şəbəkələrdə tez-tez məişətdə, iş və digər sahələrdə insan əməyini asanlaşdıran yeni və qeyri-adi alətlərdən istifadə olunmasına şahidlik edərək bilirik. Yaponlar son zamanlar isə yay aylarında isti ilə mübarizə aparmaq üçün xüsusi və rahat bir texnologiya hazırlayıblar.

Patrul.az xəbər verir ki, bu texnologiyanın adı “Do Hiemon Box” adlı soyutma şkafıdır. Düşünəcəksiniz ki, müasir dövrdə kondisionerin olduğu bir mühitdə buna nə ehtiyac var?! Lakin gəlin sizə bu yeni texnologiyanın mükəmməl xüsusiyyətlərindən danışım..

Portativ dizayna malik olan kabin daxilində temperatur 15 dərəcə Selsi səviyyəsində sabit saxlanılır. Eyni zamanda 5 dərəcə Selsi temperaturunda hava birbaşa baş, boyun, çiyin və bel nahiyələrinə yönləndirilir. Təxminən 10 dəqiqəlik istifadə nəticəsində bədən temperaturu təhlükəsiz səviyyəyə enir, istilikdən yaranan yorğunluq və tükənmə hissi əhəmiyyətli dərəcədə azalır.

İstifadə zamanı sağlamlıq risklərinin qarşısını almaq məqsədilə cihaz 20 dəqiqədən sonra avtomatik söndürülür. Bundan başqa, “Do Hiemon Box” ənənəvi kondisionerlərlə müqayisədə təxminən iki dəfə az enerji sərf etməklə enerji qənaəti də təmin edir.

Bu texnologiya əsasən tikinti meydançaları, fabriklər, anbarlar, məktəblər və açıq havada keçirilən tədbirlərdə çalışan və ya uzun müddət istiliyə məruz qalan insanlar üçün nəzərdə tutulub. Təkərlərlə təchiz olunduğundan kabini istənilən əraziyə rahat şəkildə daşımaq mümkündür.

Məlumata görə, “Do Hiemon Box” soyutma kabinəsinin satış qiyməti təxminən 9 230 ABŞ dolları təşkil edir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər