media-file_00000000f4cc81f4911bda476d26c7dd

İranda kəskin temperatur artımı və rekord isti hava dalğası səbəbindən dövlət idarələrinin və təhsil müəssisələrinin fəaliyyətində kütləvi məhdudiyyətlər tətbiq olunmağa başlayıb.

Patrul.az “İRNA”ya istinadən xəbər verir ki, ölkənin cənub-şərqində yerləşən Kerman Valiliyi kəskin hava şəraiti ilə əlaqədar əyalət miqyasında təcili qərar qəbul edib.

Qərara əsasən, anomal istilər fonunda əhalinin sağlamlığını qorumaq və pik həddə çatan elektrik enerjisi şəbəkəsindəki həddindən artıq yüklənmənin qarşısını almaq məqsədilə Kerman əyalətindəki bütün dövlət idarələri, dövlətə bağlı müəssisələr, məktəblər və ali təhsil ocaqlarının fəaliyyəti müvəqqəti olaraq tamamilə dayandırılıb.

İctimai təhlükəsizliyin təmin olunması və mümkün humanitar böhranın qarşısının alınması məqsədilə təcili tibbi yardım xidmətləri, xəstəxanalar, səhiyyə ocaqları, strateji kommunal xidmət sahələri, hərbi və hüquq-mühafizə orqanları, habelə əvvəlcədən müəyyən edilmiş bəzi bank və sığorta filialları istisna olaraq fəaliyyətlərini davam etdirirlər.

Məlumata görə, son günlər Kerman əyalətində orta temperatur 37-41°C arasında qeydə alınsa da, ölkənin cənub və cənub-qərb bölgələrində, xüsusilə Əhvaz, Abadan və Buşəhr şəhərlərində termometrlər 50°C həddini aşaraq tarixi rekord səviyyəyə çatıb.

Yaranmış böhran səbəbindən məhdudiyyətlər təkcə Kermanla məhdudlaşmır. Qom, Sistan-Bəlucistan, Semnan və Kohgiluyə-Boyerəhməd əyalətlərində də enerji istehlakını tənzimləmək üçün dövlət müəssisələrinin iş saatları kəskin azaldılıb. Həmin bölgələrdə dövlət qurumlarının səhər tezdən açılması və günorta pik istilər başlamazdan əvvəl bağlanması barədə göstəriş verilib.

Anomal istilərlə əlaqədar kondisionerlərdən kütləvi istifadə ölkənin ümumi elektrik şəbəkəsində tarixi gərginliyə səbəb olub. İran Energetika Nazirliyinin məlumatına görə, elektrik enerjisinə olan ümumi tələbat 75,500 meqavat həddini ötüb. Nazirlik rəsmi çağırış edərək əhalidən enerji istehlakını ən azı %10 azaltmağı və soyutma sistemlərini 25°C temperaturda tənzimləməyi xahiş edib.

Digər tərəfdən, kəskin quraqlıq səbəbindən ölkədəki su anbarlarında suyun səviyyəsi kritik həddə düşüb. Başda paytaxt Tehran olmaqla bir çox böyük şəhərlərdə su təzyiqinin kəsilməsi və günlərlə davam edən ciddi su qıtlığı müşahidə olunur.

Səhiyyə Nazirliyi isə regional xəstəxanalara günvurma, yüksək temperatur və istilik şoku diaqnozu ilə müraciət edən vətəndaşların sayında kəskin artım qeydə alındığını bildirərək, əhaliyə zərurət olmadığı təqdirdə günorta saatlarında küçəyə çıxmamağı tövsiyə edib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər