media-inshot_20260722_112310280

Fransada 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsi rəsmi olaraq qadağan edilib.

Patrul.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron tərəfindən dəstəklənən və 15 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdıran qanun layihəsi Senatda 243 lehinə, 2 əleyhinə səslə təsdiqlənib. Milli Assambleyada isə sənəd 279 lehinə, 81 əleyhinə səslə yekun qərarını alıb.

Qanunun tətbiqi iki əsas mərhələdə həyata keçiriləcək:

1 sentyabr 2026-cı ildə yeni tədris ilinin başlaması ilə qanun qüvvəyə minəcək və bu tarixdən etibarən 15 yaşdan kiçik şəxslərin yeni hesablar açması tamamilə bloklanacaq.

1 yanvar 2027-ci ildə isə qadağa mövcud olan aktiv profillərə də şamil ediləcək. Sosial media platformaları 15 yaşdan kiçik azyaşlılara məxsus olan bütün köhnə hesabları deaktiv edərək bağlamağa məcbur olacaqlar.

Məlumata görə, qanun çərçivəsində uşaqlara və ya valideynlərə hər hansı cəza nəzərdə tutulmur; məsuliyyət və potensial irihəcmli maliyyə sanksiyaları birbaşa texnologiya şirkətlərinin üzərinə düşür.

­Digər tərəfdən, Vikipediya (Wikipedia) kimi onlayn ensiklopediyalar, həmçinin açıq mənbəli təhsil layihələri və elmi rəqəmsal platformalar bu qadağadan istisna təşkil edir.

Bu qanun çərçivəsində daha bir sərt addım atılaraq, ibtidai və orta məktəblərdən sonra artıq lisey şagirdlərinin də təhsil müəssisələrinin daxilində mobil telefonlardan istifadəsi tamamilə qadağan edilib.

Makron bununla bağlı sosial media platformasında verdiyi açıqlamada ölkəsində 15 yaşdan kiçik şəxslərin sosial mediaya girişinin qadağan olunduğunu elan edib. Qanun layihəsini dəstəkləyən parlamentarilərə təşəkkür edən Makron, qanunun uşaqları onlayn mühitdə qorumaq üçün vacibliyini vurğulayıb.

Qeyd edək ki, Fransa sosial media istifadəsinə yaş məhdudiyyəti tətbiq edən ilk Avropa İttifaqı (Aİ) ölkəsidir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər