media-img-20260722-wa0048

Şəhər küçələrində, yaşayış binalarının girişlərində, liftlərdə və divarlarda müxtəlif xidmətlər, kirayə evlər, kreditlər və ya iş elanları ilə tez-tez rastlaşırıq. Bu elanların əksəriyyəti müvafiq icazə olmadan yapışdırılır və nəticədə həm binaların ümumi əmlakına, həm də şəhərin estetik görünüşünə ziyan dəyir. Bəs bu cür hallarla bağlı qanunvericilik nə deyir? İcazəsiz elan yapışdıran şəxslər məsuliyyət daşıyırmı?

Bununla bağlı AR Vəkillər Kollegiyasının üzvü Şəhram Şəmmədli Patrul.az-ın sualını cavablandırıb.

Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyinə görə, binalara, liftlərə və digər ictimai yerlərə icazəsiz elan yapışdırılması yolverilməzdir və qanun pozuntusu hesab olunur:

“Bəli, Azərbaycan qanunvericiliyinə əsasən, binaların girişlərinə, liftlərə, yaşayış binalarının fasadlarına, küçələrdəki divarlara, hasarlara, işıq dirəklərinə və digər ictimai yerlərə müvafiq icazə olmadan elan və ya reklam yapışdırılması yolverilməzdir. Reklam və elanlar yalnız bunun üçün ayrılmış yerlərdə və ya mülkiyyətçinin, yaxud səlahiyyətli qurumun razılığı ilə yerləşdirilə bilər. Əks halda bu, şəhərin abadlıq qaydalarının və ictimai asayişin pozulması kimi qiymətləndirilir”.

media-img-20260716-wa0036

Vəkil qeyd edir ki, icazəsiz elan yapışdıran şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələnə və vurulan zərərin aradan qaldırılması xərclərini ödəməli ola bilərlər:

“Belə hallarda inzibati məsuliyyət yaranır və pozuntunu törədən şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimə edilə bilərlər. Cərimənin tətbiqi pozuntunun xarakterindən, elanın harada yerləşdirilməsindən və onu törədən şəxsin fiziki, vəzifəli və ya hüquqi şəxs olmasından asılı olaraq müəyyən edilir. Bundan əlavə, icazəsiz elanların sökülməsi və vurulmuş zərərin aradan qaldırılması ilə bağlı xərclərin də pozuntunu törədən şəxsin üzərinə qoyulması mümkündür”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər