"Bu gün Azərbaycan mətbuatı həqiqətən də Zərdabinin ideallarını gerçəkləşdirir" - Azər Həsrət
“Bu gün Milli Mətbuat Günüdür. Azərbaycan jurnalistikası həqiqətən də çox çətin bir mərhələdən keçib. Əslində, onun təməlinin qoyulması 1875-ci ildə də asan olmayıb”.
Bu sözləri 22 iyul – Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət Patrul.az-a duyğularını bölüşərkən deyib.
Həmkarımız ölkəmizdə çar rusiyası dövründə ilk azərbaycandilli milli mətbuatın necə çətinliklə fəaliyyətə başlamasından danışıb:
“Rusiyanın işğalı altındakı Azərbaycanda ana dilində mətbuat orqanı yaratmaq, əlbəttə ki, çətin idi. Ona görə də dahi mütəfəkkirimiz, böyük şəxsiyyət Həsən bəy Zərdabi çox çətinliklərdən keçərək Rusiya çarlığından icazə aldıqdan sonra “Əkinçi” qəzeti nəşrə başladı. Burada əsas məqsəd də həmin dövrün insanlarını maarifləndirmək, aydınlatmaq idi. Həsən bəy Zərdabinin qarşısına qoyduğu hədəflər çox da böyük deyildi. Amma geriyə baxdıqda, bu, o dövr üçün həddindən artıq böyük hədəf idi”.

A. Həsrət həmin vaxtlardan bu günə qədər öz milli varlığını qoruyan müasir jurnalistikamızı yüksək qiymətləndirir:
“Bu gün Azərbaycan mətbuatı həqiqətən də Zərdabinin ideallarını gerçəkləşdirməyi bacarıb. Biz dünya mediası sırasında öz yeri olan bir mediaya sahibik. Halbuki 151 il öncə Zərdabi sadəcə kiçik bir toplumu maarifləndirmək istəyirdi. Görün, bu amalla çıxılan yolla media haralara gəlib çıxıb. Bayramınız mübarək olsun”.
Gülbəniz Səfərova






