media-img-20251017-wa0027

“Hazırda ölkədə müəyyən “təmizləmə” prosesi gedir və buna da böyük ehtiyac var. Uzun illər ərzində bəzi şəxslər müxtəlif səbəblərdən vəzifələr tutaraq Azərbaycan əleyhinə işləyiblər. Azərbaycan Prezidenti çalışır ki, ölkə daxilində sabitliyi qorumaqla yanaşı, xaricdə də müstəqil siyasət həyata keçirsin”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında Azad Vətən partiyasının sədri Akif Nağı Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlətə xəyanət ittihamı ilə həbs olunmasına münasibət bildirərkən deyib.

Siyasətçinin sözlərinə görə, yaşından asılı olmayaraq, dövlətə xəyanət edən hərkəs qanun qarşısında cəzlandırılmalıdır:

“Elə dövlətlər var ki, daim Azərbaycanın siyasətinə təsir göstərməyə çalışırlar. Azərbaycan isə bu istiqamətdə ardıcıl şəkildə müqavimət göstərir.

Bu dövlətlər geri çəkilmədikləri üçün onların müəyyən təsir agentləri ölkə daxilində mövcuddur. Onlar bəzən vəzifə sahibi, bəzən deputat, bəzən isə müxtəlif strukturlarda fəaliyyət göstərən şəxslər ola bilərlər. Tədricən bunlarım fəaliyyətinə məhdudiyyət qoyulmasına ehtiyac var. Azərbaycan Prezidenti ölkədə baş verənləri yüksək səviyyədə görür və prosesləri düzgün vaxtda, məqsədyönlü şəkildə həyata keçirir ki, bu da həm effektiv, həm də səmərəli nəticələr verir”.

A. Nağının sözlərinə görə, Ramiz Mehdiyev uzun illər bu proseslərlə məşğul olub, lakin yaxşı maskalandığı üçün onun fəaliyyəti üzə çıxmayıb:

“Azərbaycanın dövlət maraqlarına zidd fəaliyyət göstərən, xarici dövlətlərin sifarişlərini yerinə yetirən şəxslər ifşa olunacaq və onlar layiqli cəzalarını alacaqlar. Ramiz Mehdiyev də bu proseslərlə uzun illər məşğul olurdu.Sadəcə olaraq, yaxşı maskalandığına görə onun bu cür hərəkətləri bəlkə də bilinmirdi. Müəyyən dövrlərdə onun anti-Azərbaycan fəaliyyəti ilə bağlı məlumatlar ortaya çıxsa da, məsələni özü ört-basdır edirdi.

İndi isə proses elə bir mərhələyə gəlib çatıb ki, ciddi nəticələr gözlənilir. Azərbaycan cəmiyyəti də bu prosesi dəstəkləyir, çünki dövlətə xəyanət edən şəxslər, istər keçmiş vəzifəli, istərsə də digər şəxslər, məsuliyyətə cəlb olunmalıdır. Yaşından asılı olmayaraq, cinayət törədən hər kəs qanun qarşısında cavab verməlidir”.

Həmçinin siyasətçi bildirdi ki, Ramiz Mehdiyev və onunla bağlı şəxslərin məsuliyyətə cəlb olunması ölkənin təmizlənməsi və möhkəmlənməsi üçün vacib addımdır:

“Ramiz Mehdiyev həbsdə olmalıdır. O, həbsdə olsa, daha çox danışacaq və məsələlər daha tez üzə çıxacaq. Hazırda onun hərəkət imkanları məhduddur, müəyyən nəzarət mexanizmləri mövcuddur. Hesab edirəm ki, bu, Azərbaycan cəmiyyətinin həm təmizlənməsi, həm də möhkəmlənməsi istiqamətində atılmış düzgün addımdır. Onunla bağlı olan şəxslər də məsuliyyətə cəlb olunmalıdır ki, gələcəkdə Azərbaycanın dövlət maraqlarına zərər vura bilməsinlər”.

Cəmilə Cəfərzadə

 

 

 

 

 


Bənzər xəbərlər