"Həkim məsləhəti olmadan antibiotik istifadəsi ciddi risk yaradır" - Həkimdən xəbərdarlıq
Qrip mövsümü başlayanda bir çox insan xəstəliyin daha tez sağalması ümidi ilə antibiotiklərə müraciət edir. Yüksək hərarət, halsızlıq, boğaz ağrısı kimi əlamətlər zamanı bu dərmanların vəziyyəti yüngülləşdirəcəyi düşünülür və əksər hallarda həkim məsləhəti olmadan istifadə olunur. Cəmiyyətdə formalaşmış bu vərdiş illərdir davam etsə də, antibiotiklərin hər qrip halında düzgün seçim olub-olmaması məsələsi aktual olaraq qalır.
Bəs qripə qarşı antibiotiklər həqiqətən təsirlidirmi, yoxsa onların tez-tez və nəzarətsiz istifadəsi sağlamlıq üçün risk yaradır?
Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Aydın Əliyev bu barədə Patrul.az-a açıqlamasında bildirib ki, qrip zamanı antibiotiklərin virusa heç bir təsiri yoxdur. Buna baxmayaraq, bir çox insan ən kiçik simptomlarda belə həkim məsləhəti olmadan bu dərmanlardan istifadə edir ki, bu da düzgün müalicə yanaşması sayılmır.
“Bu suala konkret cavab vermək olar. Qrip virus mənşəli xəstəlikdir və antibiotiklərin bu tip xəstəliklərə heç bir təsiri yoxdur. Buna baxmayaraq, bir çox insanlar həkimə müraciət etmədən antibiotiklərdən istifadə edirlər. Bəzən bu dərmanlar temperaturu müəyyən dərəcədə sala bilər, lakin onların virusa qarşı təsiri yoxdur. Problem də məhz bundadır. Məni narahat edən əsas məsələ odur ki, insanlarda burundan azca su axması, yüngül öskürək və ya bir qədər hərarət olan kimi dərhal həkim məsləhəti olmadan antibiotik qəbul edilir. Bu isə qətiyyən düzgün deyil. Qanuna və tibbi prinsiplərə görə, istənilən xəstəliyin səbəbi və törədicisi əvvəlcə müəyyənləşdirilməli, yalnız bundan sonra müalicə aparılmalıdır”.

Həkim qeyd edib ki, qrip zamanı həkim məsləhəti olmadan dərman qəbul etməkdənsə, sadə ev üsullarına üstünlük verilməlidir. Riskli hallarda isə mütləq həkimə müraciət olunmalıdır:
“Burun və boğaz üçün duzlu su ilə tez-tez qarqara etmək, bol maye qəbul etmək tövsiyə olunur. Ev şəraitində mövcud olan zoğal, turş gilas, qarağat mürəbbələri və müxtəlif bitki çayları da faydalıdır. Bundan əlavə, bədənin, xüsusilə ayaqların isti saxlanılması vacibdir. Bunlar ev şəraitində görülə biləcək və orqanizmə kömək edən üsullardır. Lakin bəzi insanlarda bu əlamətlərlə yanaşı qaraciyər, ürək, beyin kimi orqanlarla bağlı əlavə problemlər mövcuddursa, bu zaman mütləq həkimə müraciət edilməlidir”.
Cəmilə Cəfərzadə






