Hələb şəhərinin mərkəzində 12 illik işğala son qoyulur…
PKK/YPG terrorçuları Hələb şəhər mərkəzindən geri çəkilir.
Patrulaz.az “Anadolu agentliyi”nə istinadən xəbər verir ki, Suriyada PKK/YPG terror təşkilatının Hələb şəhərinin mərkəzindəki mövcudluğuna son verilir. Təşkilat Dəməşq rejimi ilə əldə edilən razılaşma çərçivəsində şəhərdən çıxmağa başlayıb.
Fərat çayının şərqinə doğru istiqamətlənən ilk karvan 1 aprel tarixində Hələbi tərk edib. Təxminən 250 terrorçunu daşıyan 35 maşınlıq karvanda ağır silahlarla təchiz olunmuş hərbi texnika və içində silah və sursat olduğu ehtimal edilən brezent yük maşını da yer alıb.
Suriya İnsan Haqları Şəbəkəsinin məlumatına görə, 30 noyabr 2024 və 30 yanvar 2025 tarixləri arasında PKK/YPG-nin Hələbdə yerləşdirdiyi snayperlər tərəfindən ən azı 65 mülki şəxs həyatını itirib.
Xatırladaq ki, devrilmiş Baas rejimi 2012-ci ildə ölkənin şimalındakı bəzi əraziləri PKK/YPG-yə silahlı qarşıdurmadan yayınmaq şərti ilə təhvil verib. Bu razılaşma nəticəsində təşkilat Şeyx Məqsud məhəlləsi vasitəsilə rejim və Rusiyaya 2016-cı il Hələb əməliyyatı zamanı strateji dəstək göstərib.
Qeyd edək ki, PKK/YPG-yə məxsus bayraqlar daşıyan terrorçular, Suriya Müdafiə Nazirliyinə bağlı qüvvələrin nəzarəti altında şəhərdən çıxarılıb. Çıxarılma prosesinin növbəti günlərdə də davam edəcəyi bildirilir.
Gülbəniz Səfərova