"İmmuniteti zəif olanlar diqqət etsin" - Mütəxəssisdən payız fəslində yayılan xəstəliklərlə bağlı XƏBƏRDARLIQ
Azərbaycanda mövsümi xəstəliklərin artdığı bir dövrdə qrip əleyhinə peyvəndlənmə kampaniyasına start verilib. Səhiyyə naziri Teymur Musayevin imzaladığı müvafiq əmrlə vaksinasiya prosesinə 2025-ci il oktyabrın 8-dən etibarən başlanıb. Bu təşəbbüs əhalinin sağlamlığının qorunması və mövsümi xəstəliklərin qarşısının alınması məqsədi daşıyır.
Bəs bu peyvənd kimlərə vurulmalıdır?
Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Aydın Əliyev bu barədə Patrulaz.az-a açıqlamasında bildirib ki, fəsil dəyişiklikləri zamanı orqanizmin hava və temperatur fərqlərinə uyğunlaşmaması mövsümi xəstəliklərin yaranmasına gətirib çıxarır:
“Təbii ki, fəsillər dəyişəndə bu hallar həmişə müşahidə olunur. Xüsusilə yay fəslindən payız fəslinə keçid zamanı bu əlamətlər özünü göstərir. Bunların hamısı ümumiləşmiş şəkildə “virus patologiyaları” adlanır. Yuxarı tənəffüs yolları xəstəliklərinə səbəb olan əsas amil isə insan orqanizminin immun, yəni qoruyucu sistemidir. Bu hallar immunitetin zəifləməsi ilə bağlı olur.
Digər tərəfdən, fəsillərin keçid dövründə biz temperatur fərqlərinə çox da diqqət yetirmirik. Halbuki fəsil dəyişdikdə həm geyimimiz, həm də qidalanmamız həmin dövrə uyğun olmalıdır. Allahın bizə bəxş etdiyi dörd fəsil – sanki dörd resept kimidir. Hər fəslə uyğun qidalanmalı, içməli, geyinməli və davranmalıyıq. İsti mühitdən birdən-birə soyuq mühitə keçdikdə orqanizmi bu dəyişikliyə tədricən hazırlamaq lazımdır”.

Həkim vurğulayır ki, insanlar sanitar-gigiyenik qaydalara əməl etməli, düzgün qidalanmalı və vaxtında peyvənd olunmalıdırlar:
“Biz isə çox vaxt bu kimi fizioloji və sanitar-gigiyenik qaydalara əməl etmirik, hələ də beynimizdə yay əhval-ruhiyyəsi ilə yaşayırıq. Nəticədə isə adi bir soyuq su içmək, tərli halda bədənin soyuması kimi hallar xəstəliklərə yol açır.
Xüsusilə də qidalanmaya ciddi diqqət yetirmək vacibdir. Peyvəndlər məsələsinə gəlincə, bəli, yaş qruplarına uyğun olaraq mövcud peyvənd sistemimiz var və hər kəsin yaşadığı ərazidə bu peyvəndlər əlçatandır. Buna görə də vaxtında peyvəndlər vurulmalıdır”.
Cəmilə Cəfərzadə






