"Hər iki ölkə Türk dünyasının birliyi ideyasının siyasi reallığa çevrilməsində mühüm rol oynayır" - Deputat
“Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindən çoxdan keçərək qardaşlıq və qarşılıqlı etimad üzərində qurulan sarsılmaz dostluq münasibətlərinə çevrilib. Prezident İlham Əliyevin Qazaxıstana səfəri bu münasibətlərin daha da möhkəmlənməsinin, regional həmrəyliyin və türkdilli dövlətlər arasında inteqrasiyanın dərinləşməsinin bariz göstəricisidir”.
Bu sözləri Patrulaz.az -a açıqlamasında Milli Məclisin deputatı Mehriban Veliyeva Prezident İlham Əliyevin Qazaxıstana səfərini və hər iki ölkə arasındakı əlaqələri şərh edərkən deyib.
Deputatın sözlərinə görə, Azərbaycan-Qazaxıstan münasibətləri tarixi köklərə və qarşılıqlı hörmətə əsaslanaraq strateji əməkdaşlıq səviyyəsinə yüksəlib:
“Bu səfər, iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Azərbaycan və Qazaxıstanı birləşdirən bağlar təkcə siyasi və iqtisadi maraqlardan deyil, həm də ortaq tarixi köklərdən, dil, din və mədəniyyət birliyindən qaynaqlanır. Qədim türklərin böyük irsini paylaşan bu iki xalq tarix boyu bir-birinə mənəvi yaxınlıq göstərib, müstəqillik dövrlərində isə bu münasibətlər strateji xarakter alıb. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan-Qazaxıstan münasibətlərinin təməli möhkəm şəkildə qoyulmuş, qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipləri formalaşdırılmışdı. Məhz həmin dövrdə iki ölkə arasında diplomatik, iqtisadi və mədəni əlaqələr intensivləşdi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası kimi qurumlarda birgə təşəbbüslər irəli sürüldü. Prezident İlham Əliyev bu siyasi xətti uğurla davam etdirərək münasibətləri yeni reallıqlar fonunda daha yüksək səviyyəyə qaldırıb. Onun Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə şəxsi dostluğu və qarşılıqlı etimadı bu əlaqələrin strateji mahiyyətini daha da gücləndirir. Hər iki liderin görüşləri təkcə ikitərəfli münasibətləri deyil, bütövlükdə Türk dünyasının inteqrasiyasını, ortaq maraqlara əsaslanan əməkdaşlığın inkişafını təmin edir”.

M.Vəliyevanın sözlərinə görə, Azərbaycan və Qazaxıstanın əməkdaşlığı həm regionda sabitliyi, həm də qardaşlıq əlaqələrini möhkəmləndirir:
“Türk Dövlətləri Təşkilatının çərçivəsində Azərbaycan və Qazaxıstanın əməkdaşlığı xüsusi önəm daşıyır. Hər iki ölkə Türk dünyasının birliyi ideyasının siyasi reallığa çevrilməsində mühüm rol oynayır. Qlobal geosiyasi çağırışlar fonunda bu birliyin güclənməsi regionda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təminatına çevrilib. İlham Əliyev və Kasım-Jomart Tokayevin strateji baxışları bu istiqamətdə bir-birini tamamlayır – həm iqtisadi əməkdaşlığın dərinləşməsi, həm də mədəni-humanitar sahədə inteqrasiyanın güclənməsi baxımından.
Qazaxıstanın işğaldan azad edilmiş Azərbaycan ərazilərində, xüsusən Füzuli rayonunda məktəb inşa etməsi qardaşlıq münasibətlərinin ən gözəl təzahürlərindən biridir. Bu humanitar jest təkcə bir təhsil ocağının tikintisi deyil, həm də Qazax xalqının azərbaycanlı qardaşlarına mənəvi dəstəyinin simvoludur. Bu addım həm də Türk dünyasında həmrəyliyin, ortaq tarixə və gələcəyə inamın rəmzidir. İki ölkə arasında iqtisadi münasibətlər də dinamik şəkildə inkişaf edir. Nəqliyyat, enerji, logistika, kənd təsərrüfatı və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq genişlənməkdədir. Xəzər dənizi üzərindən keçən beynəlxalq nəqliyyat marşrutları – Orta Dəhliz layihəsi – Azərbaycan və Qazaxıstanı birləşdirən strateji platformaya çevrilib”.
Deputat həmçinin bildirib ki, Prezident İlham Əliyevin Qazaxıstana səfəri iki ölkə arasındakı münasibətlərin möhkəm və sarsılmaz olduğunu bir daha göstərdi:
“Bu layihə təkcə regional deyil, qlobal səviyyədə iqtisadi inteqrasiyanı gücləndirən mühüm təşəbbüsdür. Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər bu gün dövlət başçılarının siyasi iradəsi və xalqların qardaşlıq ruhu ilə daha da möhkəmlənir. Prezident İlham Əliyevin Qazaxıstana səfəri bir daha göstərdi ki, Bakı ilə Astananı birləşdirən münasibətlər sarsılmaz təməl üzərində dayanır və bu əlaqələr təkcə bu gün üçün deyil, gələcək nəsillər üçün də strateji əhəmiyyət daşıyır. Türk birliyinin güclənməsi, regional əməkdaşlığın dərinləşməsi və ortaq dəyərlərin qorunması naminə atılan bu addımlar regionda sabitliyin, inkişafın və qarşılıqlı etimadın davamlı rəmzinə çevrilir”.
Cəmilə Cəfərzadə






