media-inshot_20250825_072120805

Qax rayonunun Ləkit kənd sakini, 37 yaşlı Esmira Ramazanova orta məktəbi bitirməsindən 20 il keçməsinə baxmayaraq, ali məktəblərə qəbul imtahanında iştirak edərək tələbə adını qazanıb.

Patrulaz.az xəbər verir ki, valideynlərini gənc yaşda itirdiyi üçün təhsilini davam etdirə bilməyən E. Ramazanova uzun illərdən sonra bu istəyini gerçəkləşdirib:

“Atamı 5-ci sinifdə oxuyarkən, anamı isə 10-cu sinifdə olarkən itirdim. Daha sonra ailə dostlarımız məni himayəyə götürdülər. Müəyyən səbəblərdən təhsilim yarımçıq qaldı”.

Baku TV-yə açıqlamasında onun sözlərinə görə, ətrafdakı insanların “oxumağa gecdir” deyərək ruhdan salmaq cəhdlərinə baxmayaraq, o, məqsədindən dönməyib:

“Hər il imtahan vaxtı ağlayır, ‘kaş mən də qəbul olaydım’ deyərdim. Deyirdilər ki, övladların oxuyur, sənə ehtiyac yoxdur. Amma mən həmişə içimdə bir səs eşidirdim ‘deyilənlərə aldanma, oxumağa davam et’.

Ramazanova rayonda xadimə işləyə-işləyə hazırlaşaraq Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrar mühəndislik ixtisasına qəbul olub:

“Hazırda da bir neçə yerdə, o cümlədən özəl sektorda xadimə işləyirəm. Hamı soruşurdu ki, işləyə-işləyə oxumağı necə bacardın? Mən isə cavabında, əgər insanda istək varsa, Allah da o gücü verir. Mən arzuladığım məqsədimə nail oldum. 37 yaşımda artıq Gəncədə universitetdə qiyabi təhsil alacağam. Bu, mənim üçün böyük qürurdur”.

Qeyd edək ki, Esmira Ramazanovanın böyük övladı hazırda 3-cü kurs tələbəsidir. O bildirib ki, ali məktəbə hazırlaşmasında övladlarının dəstəyi böyük rol oynayıb.


Bənzər xəbərlər