media-inshot_20260126_172726986

Hindistanda təhlükəli Nipah virusu yayılıb. Virus Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək riskli patogenlər siyahısına daxil edilib. 

Hazırda nə peyvəndi, nə də spesifik müalicə üsulu mövcud olan virusun simptomları və yoluxma üsulları nələrdir?

Mövzu ilə bağlı Patrul.az-a açıqlama verən həkim, professor Adil Qeybulla XXI əsrin virus əsri olduğunu söyləyib:

“Ona görə ki, insanların yoluxduğu virusların sayı durmadan artır. Bir tərəfdən insanlar çoxalır, təbiəti sıxışdırır və heyvanlarda olan viruslar artıq insanlara transfer edir. Nipah virusu da elə bu qəbildəndir”.

Həkim Nipah virusunun ilk növbədə, əsasən meyvələrlə qidalanan yarasalarda aşkar olunduğunu bildirib:

“İnsanlar ya birbaşa həmin yarasalar, ya da onların ekskrimentləri tökülən meyvələrdən istifadə vasitəsilə bu virusa yoluxa bilirlər. Bu virusun hazırda dünyada geniş ərazidə yayılma və pandemiya törətmə riski yoxdur. Lakin virusun respirator əlamətlərlə yanaşı beyin ödəmi yaratması halı çox təhlükəlidir. Belə ki virus bədənə daxil olduqdan bir neçə gün sonra (yəni gizli dövrdən sonra) boğazda ağrı, yüksək temperatur, baş ağrısı, bel və əzələ ağrıları kimi əlamətlərə ensefalit və beyin ödəmi də əlavə olunur. Belə olduqda xəstə komaya düşür və dünyasını dəyişir. Yəni, bu virus nəticəsində ölümün səbəbi əsasən beyin ödəmi olur. Bu baxımdan insanların bu virusa yoluxmamasına çalışmaq lazımdır”.

media-img-20260126-wa0045

“Hindistanla olan əlaqələr, bu ölkədən turistlərin gəliş-gedişi nəticəsində virusun Azərbaycana gəlməsi mümkündür. Ona görə də transsərhəd zonalarda nəzarət gücləndirməli, insanlar arasında maarifləndirmə işləri aparılmalı, artıq virusa yoluxmuş şəxslərin izolyasiyası üçün tədbirlər görülməlidir. Ən əsası isə bu virusun Azərbaycanda yayılmasının mümkün qədər qarşısını almalıyıq”.

Ləman Sərraf


Bənzər xəbərlər