Hudeyda limanı: Husilərin “ürəyi”, ABŞ-nin “baş ağrısı” - ŞƏRH
Yəməndə gərginlik artmaqda davam edir. Hökumət qüvvələri İranın dəstəklədiyi Husilərə qarşı yeni quru əməliyyatına hazırlaşır. Əsas hədəf strateji əhəmiyyətə malik Hudeyda limanını nəzarətə götürməkdir. ABŞ və Husilər arasında hava zərbələrinin davam etdiyi bir vaxtda, Yəməndəki rəsmi hökumət qüvvələri də Husilərin üzərinə hücum etməyi planlaşdırır. Husilər (Ənsarulla) Yəməndə fəaliyyət göstərən şiə Zeydi məzhəbinə mənsub siyasi və hərbi hərəkatdır. Hazırda isə ABŞ və Husilər arasında gərginliklər davam etdiyi bir vaxtda, Yəmənə bağlı rəsmi hökumət qüvvələri də Husilərin mövqelərinə genişmiqyaslı quru əməliyyatlarına hazırlaşır. Əməliyyatın əsas məqsədi isə Hudeyda limanının ələ keçirməkdir.
Politoloq Tofiq Abbasov Patrulaz.az-a açıqlamasında Yəmənin məhz Hudeyda hava limanını hansı məqsədlə ələ keçirmək istədiyini, bu hücumun arxasında kimin nə məqsədlə dayandığını şərh etdi:
“ Hudeyda limanı çox vacib strateji əhəmiyyətə malik nöqtədir. İndiki halda Hudeyda limanı Husilərin nəzarətindədir və onların əsas təchizat və əlaqə marşrutu məhz bu liman vasitəsilə həyata keçirilir.
ABŞ-də bilir ki, logistik marşrutlarla bağlı Hudeyda ərazisi olmadan heç bir gediş-gəliş və ya malların təchiz olunması mümkün deyil. Ona görə də, Amerika Yaxın Şərqdəki mütəffiqi olan rəsmi Yəmən hökumətini bu yolla husilərə qarşı hücuma hazırlayaraq, onların mövqelərini zəiflətmək və eyni zamanda strateji əhəmiyyətə malik Hudeyda limanını ələ keçirmək istəyirlər.
İran, Çin, hətta digər ölkələr də Husilərə silah-sursat, lazimi resurslar göndərmək üçün Hudeydadan istifadə edirlər. Hətta, Amerika Britaniya ilə birlikdə bir neçə dəfə bu əraziyə hava hücumları həyata keçirərək, strateji obyektlərinin bombardman etsə də, onlar tez bir zamanda itirilmiş mövqelərini yenidən bərpa edirlər. Bununla da, Husilərin çox güclü logistik sxemləri olduğu görünür. Bu sxemlərdən də məharətlə istifadə edən Husilər tez bir zamanda bərpa olunur və nəticədə Qırmızı dənizdə İsrailə yükdaşıyan Amerika gəmilərini yenidən hədəfə alırlar. Ona görə də sözügedən limanın Husilər üçün böyük rolu var. ABŞ artıq anlayır ki, ordusunun husilərə qarşı həyata keçirdiyi səs-küylü hücumlar və bombardmanlar cüzi təsirə malikdir.
Yəni, özünəməxsus bir şəkildə sarsıdıcı zərbə endirə bilmirlər. Çünki Husilər tez bərpa olunurlar. Husilərin çevikliyi ABŞ-ni çətin seçim qarşısında qoyur. Yəni onlar düşünürlər ki, hansı taktikadan istifadə etsinlər ki, həm onların irəliləyişinin qarşısını alsınlar, həm də raket və digər hücum imkanlarını tamamilə zərərsizləşdirə bilsinlər. Demək olar ki, ABŞ-nin Qırmızı dəniz vasitəsilə yükdaşımaları iflic vəziyyətindədir. Bütün bunlar Husilər tərəfindən həmin gəmilərin hədəf kimi seçilməsində yetərlidir. Bu baxımdan, Amerika öz müttəfiqləri ilə Yəməndə mövcud olan hökuməti həm dəstəkləyir, həm də onlara silah-sursat verir ki, onlar Husilərin mövqelərini zəiflətsinlər və strateji əhəmiyyətə malik limanı ələ keçirsinlər. Əgər Yəməndəki qüvvələrin belə bir planı varsa, yəni Husilərə hücum etməyi planlaşdırırsa, hər iki tərəfində casus şəbəsi olduğuna görə, məncə qarşı tərəfində bu hücumdan yetəri qədər məlumatı var.
Bir haldakı ABŞ İranla danışıqlara gedir. Onlar arasında daha bir görüş gözlənilir. Hər iki tərəfin məqsədi bütün bunları məntiqi sonluqla bitirməkdir. Çox güman ki, baş tutacaq görüşdə İrana Husilərə olan dəstəyini dayandırmaq barədə şərt də qoya bilərlər. Bir sözlə, Husilərin güc nümayiş etdirməsi həm İranla, həm də digər dövlətlərin Çinin, hətta Rusiyanın dəstəyi ilə əlaqədardır. Ola bilsin ki, bu məsələlər Vaşinqton və Tehran arasındakı danışıqlarda müzakirə ediləcək. Həmçinin də İranın proksi qüvvələri öz mövqelərini itirib. Misal olaraq, bir tərəfdən Bəşər Əsədin hakimiyyəti devrildi, digər tərəfdən isə Hizbullah rəhbərliyi aradan götürüldü və HƏMAS da zəiflədi. Nəticədə, burada sadecə İraqda olan proksi qüvvələr və Husilələr qaldılar. Bir sözlə, Yəməndəki qüvvələr Husilərə hücum etsə də, onlar da bunlardan məlumatlı bir şəkildə Hudeydanı qarşı tərəfə verməmək üçün əllərindən gələni edəcəklər. Təbii ki, qarşı tərəfin də öz planı var”.
Gülbəniz Səfərova