Husilər: “ABŞ-nin Yəməndəki hücumlarında 107 mülki şəxs həlak olub”
Yəməndə İranın dəstəklədiyi husilər martın 15-dən bu günə qədər ABŞ tərəfindən həyata keçirilən hücumlar nəticəsində yüzlərlə mülki vətəndaşın zərər çəkdiyini bildirib.
Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, Husilərin nəzarətində olan SABA xəbər agentliyinin yaydığı məlumata görə, hərəkatın Səhiyyə Nazirliyinin sözçüsü Enis əl-Əsbahi yazılı açıqlamasında martın 15-dən etibarən ABŞ-nin hava zərbələri nəticəsində 107 mülki şəxsin öldüyünü, 223 nəfərin isə yaralandığını bildirib.
Əsbahi açıqlamasında bildirib: “ABŞ Yəmənin müxtəlif əyalətlərində mülki əhalini birbaşa hədəfə alaraq hücumlar həyata keçirir. Bu, beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Bu hadisələrə görə ABŞ-lə yanaşı, beynəlxalq ictimaiyyət və humanitar təşkilatlar da məsuliyyət daşıyır”,-deyə o qeyd edib. O, həmçinin beynəlxalq təşkilatları ABŞ-nin Yəməndəki fəaliyyətlərinə qarşı səs qaldırmağa çağırıb.
Xatırladaq ki, 2023-cü ilin oktyabrından etibarən husilər İsrailin Qəzzaya hərbi əməliyyatlarına cavab olaraq, Yəmən sahillərində İsrailə aid olduğunu iddia etdikləri ticarət gəmilərinə qarşı pilotsuz təyyarə və raket hücumları həyata keçirir.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp martın 15-də Truth Social platformasında paylaşdığı məlumatda husilərə qarşı “kütləvi hücum” əmri verdiyini bəyan etmişdi. Husilərin lideri Əbdül-Malik əl-Husi isə bu əməliyyatlara cavab olaraq ABŞ hərbi birləşmələrinin hədəf alınacağını və regionda dəniz naviqasiyasına maneələr yaradılacağını bildirmişdi.
Gülbəniz Səfərova