İçərişəhərdə qala divarında aşınma müşahidə edilib - SƏBƏBİ İSƏ...
“Bu gün səhər saat 05:00 radələrində Kiçik Qala küçəsi ünvanında, 13-14 saylı bürclərin kəsişdiyi hissədə tarixi qala divarlarının kiçik bir sahəsində aşınma müşahidə edilib”.
Bu barədə Patrul.az-a “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.
Qurumdan bildirilib ki, mütəxəssislərin ilkin rəyinə əsasən, aşınmanın əsas səbəbi son günlər müşahidə olunan aramsız atmosfer yağıntıları nəticəsində yaranan rütubət və təbii eroziya prosesləridir.
Məlumata görə, hadisə baş verdiyi andan etibarən İdarə tərəfindən dərhal operativ tədbirlər görülüb, sözügedən ərazi tam nəzarətə götürülərək vətəndaşların təhlükəsizliyi üçün zəruri qabaqlayıcı addımlar atılıb. Hazırda tarixi abidənin həmin hissəsində yaranmış vəziyyətin aradan qaldırılması istiqamətində lazımi işlərin icrasına başlanılıb.
“Tarixi irsimizin qorunması və vətəndaşların təhlükəsizliyi İdarənin fəaliyyətində prioritet məsələdir və proses daim diqqət mərkəzində saxlanılır”, – deyə əlavə edilib.






