media-inshot_20260115_172609116

İctimai yerlərdə insanların davranışları həm etik, həm də hüquqi baxımdan diqqət mərkəzindədir. Müxtəlif ölkələrdə və mədəniyyətlərdə bununla bağlı normalar fərqlidir, amma ümumi qayda insanların ətrafdakılara hörmət göstərməsidir.

Bəs ictimai yerlərdə öpüşmək qanun pozuntusu hesab edilirmi?

Bu barədə vəkil Asim Abbasov Patrul.az-a açıqlamasında bildirib ki, ictimai yerdə öpüşmək, əgər asayişi pozmursa, qanuni məsuliyyət yaratmır:

“Son vaxtlar ictimai yerlərdə davranış normaları ilə bağlı müzakirələr, xüsusilə də ictimai məkanda öpüşmək məsələsi cəmiyyətdə müxtəlif yanaşmalar doğurur. Bu mövzuya hüquqi və etik prizmalardan ayrı-ayrılıqda baxmaq daha düzgün yanaşma hesab olunur. Azərbaycan Respublikasının qüvvədə olan qanunlarında ictimai yerlərdə öpüşməyə görə birbaşa qadağa və ya inzibati məsuliyyət nəzərdə tutulmayıb. Yəni bu cür davranış, əgər ictimai asayişi açıq şəkildə pozmur, əxlaq normalarını kobud şəkildə tapdalamır və digər şəxslərin hüquqlarına müdaxilə etmirsə, hüquqi məsuliyyət yaratmır”.

media-inshot_20260115_172650966

Vəkil həmçinin vurğulayıb ki, ictimai məkanda davranışlarda qarşılıqlı hörmət və ölçülülük cəmiyyətin rahatlığı üçün vacibdir:

“Etik və mənəvi baxımdan isə cəmiyyətin müxtəlif təbəqələrinin fərqli yanaşmaları mövcuddur. Bəzi insanlar üçün bu cür davranış adi və şəxsi azadlıq çərçivəsində qəbul edilsə də, digərləri üçün narahatlıq doğura bilər. Cəmiyyət daxilində sağlam münasibətlərin qorunub-saxlanılması üçün ictimai məkanlarda qarşılıqlı hörmət prinsipinin qorunması, insanların öz davranışlarına nəzarət etməsi və davranışların ölçülü-biçili olması olduqca mühüm əhəmiyyət kəsb edir. Bu yanaşma ümumi ictimai rahatlığın təmin edilməsinə xidmət edir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər