İctimai yerlərdə Wi-Fi təhlükəsi: Mütəxssisdən Xəbərdarlıq
İnternetə pulsuz giriş nöqtələri restoranlarda, otellərdə, hava limanlarında, kitab mağazalarında və hətta müxtəlif pərakəndə satış mağazalarında mövcuddur. Mobil internetimiz olsa belə, bu yerlərdə rahatlıqla internet şəbəkəsinə qoşulub, istifadə edə bilirik. Lakin bu azadlıq bizə baha başa gələ bilər.
İctimai yerlərdə pulsuz internetə qoşulmaq
hansı təhlükələrə yol açır?
Mövzu ilə bağlı İT mütəxəssisi Elvin Abbasov Patrul.az-a açıqlama verib.
Onun sözlərinə görə, ictimai yerlərdə (kafe, park, hotel və ya hava limanlarında) təqdim olunan pulsuz və şifrəsiz Wi-Fi şəbəkələrinə qoşulmaq kiber-gigiyena baxımından çox ciddi risklər yaradır:
“Bu cür açıq şəbəkələrdə məlumatlar şifrələnmədiyi üçün kiber-cinayətkarlar “Man-in-the-Middle” (Aradakı adam) adlanan üsulla sizin cihazınızla internet stansiyası arasındakı bütün rəqəmsal trafiki asanlıqla izləyə bilərlər. Nəticədə, siz həmin internetə bağlı olarkən daxil etdiyiniz sosial şəbəkə şifrələri, şəxsi mesajlaşmalar və ən əsası bank kartı rekvizitləri hakerlərin əlinə keçir”.

Həmsöhbətimiz bundan əlavə, fırıldaqçıların tez-tez ictimai məkanların rəsmi şəbəkə adına çox bənzəyən saxta və açıq Wi-Fi nöqtələri (məsələn, “Kafe_Free_WiFi” əvəzinə “Kafe_Guest”) yaradaraq insanları öz tələlərinə çəkdiklərini qeyd edib:
“Siz fərqinə varmadan bu saxta şəbəkəyə qoşulduqda, cihazınıza zərərli proqram təminatları (viruslar) yoluxdurula bilər və bütün şəxsi dünyanız üzərindəki nəzarəti itirə bilərsiniz. Virtual təhlükəsizliyinizi qorumaq üçün belə ictimai mühitlərdə şəxsi mobil internetinizdən istifadə etmək və ya mütləq şəkildə etibarlı bir VPN proqramını aktivləşdirmək ən rasyonal addımdır”.
Ləman Sərraf






