media-0251e6ad-6a60-425d-9266-48bc7b66b971

Vətəndaş Nuriyeva Qəmər redaksiyamıza müraciət edərək “Instagram” sosial şəbəkəsində @kristalxalcayuma səhifəsində gördüyü yay endirimi kampaniyasından yararlanmaq üçün xalçalarının yuyulması ilə bağlı sifariş verdiyini bildirib.

Şikayətçinin sözlərinə görə, şirkət əməkdaşları həmin gün ünvanına gələrək xalçaları təhvil alıb və ödənişi əvvəlcədən tələb ediblər. O, ödənişi etdikdən sonra xalçaların 8 gün ərzində qaytarılacağı vəd edilib.

Lakin iddiaya əsasən, verilən müddət bitsə də xalçalar geri qaytarılmayıb. Vətəndaş bildirir ki, sonradan şirkətlə əlaqə saxlamaq mümkün olmayıb, zənglərinə cavab verilməyib və sosial şəbəkələrdə bloklanıb.

Nuriyeva Qəmər bununla bağlı Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə müraciət etdiyini qeyd edib. Onun sözlərinə görə, polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində şirkətin yeri müəyyən edilib və 26 iyun 2026-cı il tarixində xalçaları ona təhvil verilib.

Şikayətçi iddia edir ki, xalçalar yuyulmadan, təhvil verdiyi vaxtkı çirkli vəziyyətdə geri qaytarılıb.

Vətəndaş digər istehlakçıları da ehtiyatlı olmağa çağıraraq bildirib ki, bu şirkətə xalça və ya digər əşyalarını etibar etməsinlər.

Qeyd edək ki, yazıda səsləndirilən iddialar şikayətçinin şəxsi mövqeyini əks etdirir.

Məsələ ilə bağlı adı çəkilən şirkətin mövqeyini dərc etməyə hazırıq.

Günay Salayeva


Bənzər xəbərlər