media-1mna8-b_af8xvvin32btje8t0cu0afee4m3ph_vwk22nt9toid7ndtxh4ivpm4keemt7l00-tnx9al7jltlfxltw0ce-icmoi8df8xadt8ezne_ixfdb1-jcyhtlgiaqw6qk4jewjka5okalce85byir9w9sxurt5hmtfdjrq-bymt_tzbcodx70olvoydx

Sevgi münasibətlərinin uzunömürlü və xoşbəxt olması ilə bağlı illərdir müxtəlif nəzəriyyələr irəli sürülür. Bəziləri tərəfdaşların eyni xarakterə malik olmasının münasibəti möhkəmləndirdiyini düşünür, digərləri isə “ziddiyyətlər bir-birini tamamlayır” fikrini müdafiə edir. Lakin Polşanın Vratslav Universitetinin alimlərinin apardığı genişmiqyaslı araşdırma bu mövzuda maraqlı nəticələr ortaya qoyub.

Patrul.az xəbər verir ki, “Journal of Research in Personality” jurnalında dərc olunan tədqiqat çərçivəsində dünyanın 74 ölkəsindən 41 mindən çox insanın məlumatları təhlil edilib. Araşdırmanın nəticələri göstərib ki, münasibətlərdə xoşbəxtliyin əsas şərti tərəfdaşların tam eyni xarakterə malik olması deyil.

Alimlər müəyyən ediblər ki, münasibətlərdən daha çox məmnun olan insanlar partnyorlarını reallıqda olduqlarından daha mehriban, daha cazibədar və ümumilikdə daha müsbət xüsusiyyətlərə sahib kimi qiymətləndirirlər. Psixologiyada “pozitiv idealizasiya” adlandırılan bu yanaşma münasibətlərdə emosional bağlılığı gücləndirir, qarşılıqlı məmnunluğu artırır və cütlüklərin münasibətlərinin daha uzunömürlü olmasına töhfə verir.

Bununla yanaşı, tədqiqat münasibətlərin gələcəyinə təsir edən başqa mühüm amili də üzə çıxarıb. Məlum olub ki, tərəfdaşların siyasi baxışları, dini inancları və əsas həyat dəyərləri arasında ciddi fərqlər olduqda münasibətlərin keyfiyyəti əhəmiyyətli dərəcədə zəifləyir. Maraqlıdır ki, bu halda tərəflərdən hansının daha radikal mövqeyə malik olmasının xüsusi əhəmiyyəti yoxdur. Münasibətə mənfi təsir göstərən əsas amil məhz fundamental baxışlardakı uyğunsuzluq hesab olunur.

Araşdırmanın diqqətçəkən nəticələrindən biri də cinsiyyət faktorunun gözlənildiyi qədər təsirli olmamasıdır. Alimlər bildirirlər ki, münasibətlərin uğurunda qadın və ya kişi olmaqdan daha çox insanların yetişdiyi sosial və mədəni mühit rol oynayır. Fərqli ölkələrdə yaşayan insanlar arasında müəyyən mədəni fərqlər müşahidə olunsa da, əksəriyyət tərəfdaşında mehribanlıq, etibarlılıq, səmimilik və cazibədarlıq kimi müsbət xüsusiyyətləri görməyə üstünlük verir.

Mütəxəssislər hesab edirlər ki, uzun illər qəbul edilən “özünə bənzər insanı seç” prinsipi bütün münasibətlər üçün keçərli deyil. Münasibətin uğuru xarakterlərin tam oxşar olmasından çox, tərəflərin hansı dəyərləri paylaşmasından, bir-birinə necə yanaşmasından və partnyorunu hansı prizmadan gördüyündən asılıdır.

Araşdırmanın nəticələri göstərir ki, sağlam münasibət yalnız oxşar xarakter üzərində qurulmur. Qarşılıqlı hörmət, ortaq həyat dəyərləri və tərəfdaşın müsbət cəhətlərini görmə bacarığı münasibətlərin davamlılığı üçün daha mühüm rol oynayır. Alimlərin fikrincə, sevgi münasibətlərində bəzən tərəfdaşı olduğu kimi qəbul etməklə yanaşı, ona bir qədər heyranlıqla baxmaq da xoşbəxtliyin vacib elementlərindən biri hesab oluna bilər.

Ləman Sərraf


Bənzər xəbərlər