media-img-20260629-wa0010

Yay mövsümü istirahət, səyahət və açıq havada daha çox vaxt keçirməklə yanaşı, qadın sağlamlığı baxımından da müəyyən risklər yaradır. Mütəxəssislər bildirirlər ki, isti hava, açıq su hövzələrində çimmək, uzun müddət yaş çimərlik geyimində qalmaq və kondisionerli məkanlarda çox vaxt keçirmək ginekoloji problemlərin yaranması və ya xroniki xəstəliklərin kəskinləşməsi ehtimalını artırır.

Patrul.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzetinə ginekoloq Natalya Loşçakova məlumat verib.

Ginekoloq Natalya Loşçakovanın sözlərinə görə, yay aylarında qadınlar bəzən bunu hiss etməsələr də, çanaq nahiyəsinin soyuması halları daha çox müşahidə olunur. Soyuq suda üzmək, çimərlikdən sonra yaş geyimdə qalmaq və temperatur fərqlərinə məruz qalmaq yerli immuniteti zəiflədərək iltihabi proseslərin başlamasına şərait yarada bilər.

Mütəxəssislər qeyd edirlər ki, məzuniyyət dövründə intim gigiyena vərdişlərinin dəyişməsi də əlavə risk yaradır. İstifadə olunan suyun, gigiyena vasitələrinin və iqlimin dəyişməsi vaginal mikrofloranın və pH balansının pozulmasına səbəb ola bilər. Bu isə bakterial vaginoz, kandidoz (göbələk infeksiyası) və digər infeksion-iltihabi xəstəliklərin inkişaf riskini artırır.

Yay mövsümündə əvvəllər mövcud olan bəzi xroniki ginekoloji xəstəliklərin də daha tez-tez kəskinləşdiyi bildirilir. Xüsusilə salpinqooforit (uşaqlıq boruları və yumurtalıqların iltihabı) və servisit (uşaqlıq boynunun iltihabı) kimi xəstəliklər isti aylarda daha çox narahatlıq yarada bilər.

Həkimlər bu riskləri azaltmaq üçün bir sıra sadə, lakin vacib qaydalara əməl etməyi tövsiyə edirlər. Çimərlikdən və ya hovuzdan çıxdıqdan sonra mümkün qədər tez quru geyimə keçmək, uzun müddət yaş çimərlik paltarında qalmamaq, həddindən artıq soyuq suda üzməkdən çəkinmək və suda qalma müddətini məhdudlaşdırmaq sağlamlıq baxımından mühüm əhəmiyyət daşıyır.

Bundan əlavə, yay aylarında sintetik və dar geyimlər əvəzinə hava keçirən, pambıq kimi təbii materiallardan hazırlanmış rahat geyimlərə üstünlük verilməsi məsləhət görülür. Bu, həm dərinin nəfəs almasına kömək edir, həm də nəmli mühitdə bakteriya və göbələklərin çoxalması üçün əlverişli şəraitin yaranmasının qarşısını alır.

Mütəxəssislər vurğulayırlar ki, qarınaltı nahiyədə ağrı, qeyri-adi ifrazat, qaşınma, yanğı hissi və ya digər narahatlıq əlamətləri yarandıqda özünü müalicə ilə məşğul olmaq əvəzinə ginekoloqa müraciət etmək lazımdır. Vaxtında aparılan müayinə və düzgün müalicə həm infeksiyaların ağırlaşmasının, həm də reproduktiv sağlamlıqla bağlı daha ciddi problemlərin qarşısını almaqda mühüm rol oynayır.

Ləman Sərraf


Bənzər xəbərlər