media-retouch_2025093019535101

Son günlər ölkəmizdə ürək-damar xəstəliklərindən, xüsusilə də infarktdan qəfil ölümlərin sayında artım müşahidə olunur. Təəssüf ki, bu hallar daha çox gənc yaşlı insanlarda qeydə alınır.  İdman sağlamlıq üçün vacib olsa da, bəzi hallarda qəfil ürək ölümü riski ilə üz-üzə qalmaq mümkündür. Bu isə ciddi müzakirə mövzusu olaraq həm həkimlərin, həm də cəmiyyətin diqqətini çəkir.

Bəs idmanda qəfil ürək ölümünün səbəbləri nələrdir?

Bu barədə Ali dərəcəli həkim kardioloq, fəlsəfə doktoru, infarkt şöbəsinin müdürü Sevinc Quliyeva Patrulaz.az-a açıqlamasında bildirib ki, bu xəstəlik daha çox kişilərdə müşahidə olunur və infarkt irsi xarakter daşıyır:

“İnfarktın səbəbləri çoxdur. Ürək-damar sisteminin ən ağır xəstəliklərindən biri olan infarkt daha çox cavan insanların ölümünə səbəb olur. Ümumiyyətlə, bu xəstəlik kişilər arasında daha çox müşahidə olunur. Bunun bir çox səbəbləri var: siqaret çəkmə, spirtli içki içmə və s. İnfarkt irsi keçən bir xəstəlikdir. Ailədə bir neçə nəfərdə müşahidə olunarsa, məlum olur ki, ya atası, ya əmisi infarktdan əziyyət çəkib.

Hazırda şəhərdə piyada gəzənlərdən daha çox maşın sürənlər görürük. Maşın əsas səbəblərdən biridir. Çünki fiziki iş indi çox deyil. Müasir yüksək texnologiyalar dövründə işlərin əksəriyyəti ofislərdə görülür: ofisdən evə maşınla, evdən ofisə maşınla. Birinci əsas səbəb odur ki, xəstələr az hərəkət edirlər. İkinci səbəb isə yağlı yeməklər, fast food qidalarıdır ki, bunlar xolesterini artırır. İnfaraktın səbəbi isə qanın qatı və yağlı olmasıdır. Digər səbəblər iri və xırda damarların problemləri nəticəsində yaranır”.

S.Quliyeva bildirib ki, tibbi arayışı olmayan şəxslərin ağır fiziki idman növləri ilə məşğul olmasına icazə verilməməlidir:

“Normal insanlar üçün demək lazımdır ki, çox hərəkət etsinlər, az yesinlər, az içsinlər, stressdən uzaq olsunlar. Stress çoxumuzdan asılıdır: böyük istəklər olur, amma onlar alınmayanda insan stressə düşür. Bir də bu günlərdə ağır bir itkidən sonra deyə bilərəm ki, idman zallarında məşqçilər və zal sahibləri öz səviyyələrini yaxşı saxlamaq üçün mütləq şəkildə müraciət edənləri normal kardioloji müayinədən keçirməlidirlər.

Normal kardioloji müayinə nədir? – Qanda xolesterini yoxlamaq lazımdır. Minimum kardioqramma, maksimum doppler və exo-kardioqrammadan keçmək vacibdir. Tibbi arayışı olmayan insanları ağır fiziki idman növlərinə buraxmaq olmaz. Məsələn, hovuzların çoxunda tələb olunur ki, başqa xəstəliklər – infeksion, göbələk və s. var ya yox. Amma yüngül atletika və ağır trenajorlarla məşğul olduqda orada qaçış aparatları və s. var 20 yaşdan 80 yaşa qədər hər kəsə “sən niyə bununla məşğul olursan?” deyilmir. Hər kəsə icazə verilir ki, özü bilər? Amma “özü bilər” prinsipi doğru deyil, idman müəssisələri bunun üçün şərait yaratmamalıdır. Ona görə də mütləq şəkildə cavan yaşdan, xüsusilə də kişilər müayinədən keçməli və təcrübəli həkimlərə müraciət etməlidirlər.

Biz həkimlər xəstənin təkcə sorğusu ilə ona dərman yaza bilmərik. Biz peşəkarıq, xəstənin hərəkətindən, bədən quruluşundan görürük ki, bu adam piylənməyə və ya şəkərə meyllidir.

Qeyd etdiyim kimi, daimi şəkildə fiziki hərəkətdə olmaq və siqaretlə spirtli içkini mütləq azaltmaq lazımdır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər