İlan sancması zamanı nə edək?
Goranboy rayonunun Qərvənd kənd sakini 1950-ci il təvəllüdlü Z. Məhyəddinovanı həyətdə işləyərkən ilan sancıb. Xəstəxanaya yerləşdirilən və ilan zəhəri əleyhinə zərdab vurulan xəstənin vəziyyətinin orta ağır olduğu bildirilib.
Patrulaz.az-ın məlumatına görə, ilan sancması təxirəsalınmaz tibbi vəziyyətdir və düzgün müdaxilə həyat qurtara bilər. Zəhərli və ya zəhərsiz olduğunu bilmədən davranmaq təhlükəlidir. Buna görə hər ilan sancması ciddi qəbul edilməlidir.
İlan sancması zamanı nə edək?
Sakit qal və sancılan şəxsi hərəkətsiz saxla

Panikaya düşmək bədəndəki zəhərin daha tez yayılmasına səbəb ola bilər. İlk addım sakit qalmaq və sancılan şəxsi hərəkətsiz saxlamaqdır. Əgər sancılma əzadandırsa, onu ürək səviyyəsindən aşağıda saxlamaq zəhərin yayılmasını yavaşladır.
Təcili yardım çağır (103 və ya 112)

Zəhərə qarşı zərdab yalnız həkim nəzarətində tətbiq oluna bilər. Ona görə də ilk fürsətdə təcili tibbi yardım çağırılmalıdır. İmkan varsa, ilanın təsvirini (rəngi, ölçüsü, baş forması) yadda saxlayıb, tibbi heyətə bildirmək faydalı ola bilər. Amma ilanı öldürməyə və yaxalamağa çalışmaq qətiyyən olmaz.
Bunu QƏTİYYƏN etmə!

Bir çox insan ilan sancması zamanı yanlış addımlar atır. Aşağıdakı davranışlardan uzaq durmaq vacibdir:
– Zəhəri sorub çıxarmaq: Ağızdan infeksiya keçə bilər.
– Yaraya kəsik atmaq: Qanaxma riskini artırır.
– Turniket bağlamaq: Qan dövranını pozur, toxumaların ölümünə səbəb ola bilər.
– İlanın dalınca getmək: İkinci dəfə sancılmaq ehtimalı var.
Yaraya toxunma

Əgər mümkündürsə, sancılmış nahiyəni təmiz parça ilə yüngülcə sarı. Soyuq kompres istifadə edilə bilər, amma yaranı yuma, dezinfeksiya etmə və ya təmizləyici maddələr sürtmə. Sadəcə bədəni sakitləşdirmək kifayətdir.
Tibbi yardım gələnə qədər müşahidə et

Təcili yardım gələnə qədər sancılan şəxsin vəziyyətini yaxından izləmək lazımdır. Aşağıdakı əlamətlər müşahidə olunarsa, vəziyyət daha da ciddidir:
– Başgicəllənmə
– Nəfəs darlığı
– Ürəkbulanma
– Titrəmə
– Huşun itməsi
İlan sancması vaxt itirmədən müdaxilə tələb edir. Yanlış müdaxilələr vəziyyəti ağırlaşdıra bilər. Sakitlik, düzgün davranış və vaxtında tibbi yardım isə həyat qurtara bilər.
Ləman Sərraf






