"Dövlət başçımız bu görüşlə qətiyyətli lider görkəmini bir daha dünyaya sübut etdi" - Cavanşir Abbaslı
“Tacikistanda Azərbaycan və Rusiya liderləri arasında tarixi bir görüş baş tutdu. İlham Əliyevin Putinlə görüş zamanı göstərdiyi liderlik nümunəsi dünyaya bir örnək oldu. Dövlət başçımız bu görüşlə qətiyyətli lider görkəmini bir daha dünyaya sübut etdi”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında AĞ Partiya sözçüsü və “Yeni Müsavat” qəzetinin siyasət yazarı Cavanşir Abbaslı oktyabrın 9-da Tacikistanın paytaxtı Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan təkbətək görüşü şərh edərkən deyib.
C. Abbaslının sözlərinə görə, görüş zamanı Vladimir Putinin İlham Əliyevə hörmətlə yanaşması, AZAL təyyarə qəzası ilə bağlı üzrxahlıq etməsi və kompensasiyanın ödəniləcəyini bildirməsi iki ölkə münasibətlərinin pozitiv istiqamətdə davam etdiyini göstərir.
Siyasi şərhçinin fikrincə, Amerikanın Azərbaycana göstərdiyi hörmət və diqqət, Rusiyanın ölkəmizə qarşı münasibətini yumşaltmasına birbaşa təsir edib:
“Tacikistanda Azərbaycan və Rusiya əlaqələrinin əvvəlki dövrə qayıtması üçün çox mühüm və sevindirici bir görüş baş tutdu. Çünki Rusiya Azərbaycan üçün önəmli ölkələrdən sayıldığı kimi, Azərbaycan da Rusiya üçün elədir. Ona görə ki, milyonlarla soydaşımız Rusiyada yaşayır.
Görüşdə Putinin üzrxahlığı isə gözlənilən idi. Rusiya rəhbərliyi Azərbaycan kimi bir ölkəni itirmək istəməz. Xüsusilə də Amerikada Azərbaycan Prezidentinə göstərilən münasibət təbii ki, Rusiyanı narahat edirdi. Azərbaycan isə həmişə olduğu kimi Rusiya və Amerika arasında balanslı siyasət yürüdüb. Amma yenə də istənilən halda İlham Əliyevin Nyu-Yorkda yüksək səviyyədə qarşılanması, o cümlədən burada vacib görüşlərin baş tutması Rusiyanı hərəkətə gətirdi”.

C.Abbaslının sözlərinə görə, Rusiya rəhbərliyinin görüş zamanı daha mülayim münasibət nümayiş etdirməsinin əsas səbəbi Azərbaycanın əvvəlki mərhələlərdə humanist və balanslı mövqe sərgiləməsidir:
“Dövlət başçımızın MDB çərçivəsində keçirilən tədbirə şəxsən özünün getməsi həm böyük bir jest idi, həm də Azərbaycanın Rusiya ilə münasibətlərinin düzəlməsində maraqlı tərəf olduğunu göstərdi. Fikrimcə, Putin də bunu dəyərləndirdi. Xüsusilə də görüş zamanı yayılan kadrlarda görünür ki, Putin İlham Əliyevə necə hörmət göstərir. Görüş otağına daxil olunduğu zaman da Putinin birinci olaraq dövlət başçımızı önə çəkməsi də onun İlham Əliyevə olan diqqətini göstərdi. İstənilən halda, Rusiyanın öz səhvini etiraf etməsi ilə, çox uğurlu bir görüş baş tutdu. Doğrudur, AZAL-a məxsus təyyarənin qəzası ilə bağlı Ukraynanın üzərinə bəzi məsələrin atılması cəhdi də oldu. Amma yenə də Rusiya qəzanın birgə araşdırılacağı ilə bağlı ölkəmizə vəd verdi”.
AĞ Partiyanın sözçüsü görüş zamanı Azərbaycanın diplomatik qələbələrindən birinin də Rusiya tərəfinin AZAL-a məxsus sərnişin təyyarəsində həlak olanların ailələrinə kompensasiya ödəmək öhdəliyini nəhayət ki, üzərinə götürməsi olduğunu vurğulayıb:
“Ən əsası da Azərbaycanı narahat edən əsas məsələ – konpensasiya var idi. Çünki həlak olanların ailələrinə hələ də Rusiya tərəfindən kompensasiya verilməmişdi. Bundan sonra verilməyəcəyi təqdirdə də Azərbaycan üçün bu bağışlanan hal olmayacaqdı. Amma bu məsələdə sevindirici hal Putinin görüş zamanı həlak olanların ailələrə konpensasiya ödəniləcəyini söyləməsi oldu. Əslində burada söhbət məbləğdən deyil, Azərbaycanın növbəti qələbəsindən gedir”.
Gülbəniz Səfərova






