media-inshot_20250723_094235188

Prezident İlham Əliyev ilk dəfə olaraq Ukrayna münaqişəsi ilə bağlı açıq və qəti mövqe bildirib.

Patrulaz.az xəbər verir ki, dövlət başçısı Şuşada keçirilən III Qlobal Media Forumunda çıxışı zamanı Ukraynanın işğalla heç vaxt razılaşmamalı olduğunu vurğulayıb.

“Ukrayna işğalla razılaşmamalıdır. Hesab edirəm ki, bu, işğala dözməyə hazır olmayan Ukrayna xalqının istəklərinə uyğundur. Əsas məsləhət budur. Və bunu etdik”, – deyə İlham Əliyev qeyd edib.

Prezident bildirib ki, Azərbaycanın Ukraynaya bu tövsiyəsi öz təcrübəsinə əsaslanır və Dağlıq Qarabağla bağlı aparılan uzunmüddətli mübarizənin nəticəsidir.

Dövlət başçısı çıxışı zamanı həmçinin AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiyada qəzaya uğramasını da xatırladaraq, bu məsələ ilə bağlı beynəlxalq hüquqi proseslərin başladıldığını açıqlayıb.

Prezidentin çıxışından bir gün əvvəl, iyulun 19-da o, 2024-cü il dekabrın 25-də Azərbaycanın AZAL Hava Yollarına məxsus Embraer 190 təyyarəsinin Qazaxıstanda Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı Rusiyaya qarşı beynəlxalq iddianın hazırlandığını bildirmişdi.

Ölkəmiz bu barədə Rusiyadan aşağıdakı tələblərlə çıxış edir:

Hava qəzasının gerçək səbəblərinin araşdırılması;

Həlak olanların və xəsarət alanların ailələrinə kompensasiya ödənilməsi;

Təqsirkarların müəyyən olunaraq cəzalandırılması;

AZAL-a maddi ziyanın ödənilməsi.

Prezident qeyd edib ki, Azərbaycan Baş Prokurorluğu bu məsələ ilə bağlı Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə mütəmadi sorğular göndərsə də, hələlik cavab yalnız “istintaq davam edir” cümləsindən ibarətdir.

Rusiya isə bunlara cavab olaraq, Azərbaycanla münasibətlərinin pisləşdiyini etiraf edib.

İyulun 21-də Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında Azərbaycanla münasibətlərdə “çətin dövr” yaşandığını təsdiqləyib:

“İki ölkənin maraqlarının üst-üstə düşdüyü sahələr çoxdur, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq var. Amma bəzən belə çətin mərhələlər olur. Hazırda həmin dövrlərdən birini yaşayırıq”, – deyə Peskov bildirib.

O, əlavə edib ki, Rusiya Azərbaycanın beynəlxalq məhkəmələrdə iddia qaldırmasına mane olmayacaq.

Peskov həmçinin Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlıların saxlanması ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib. Onun sözlərinə görə, ölkədə yalnız qanunu pozan şəxslər saxlanılır:

“Rusiyada yalnız qanunu pozan diaspor nümayəndələri saxlanılır. Digərləri isə qanunlara tabe olan vətəndaşlardır və dövlətin onlara qarşı heç bir iradı yoxdur”, – deyə Peskov vurğulayıb.


Bənzər xəbərlər