Bu ölkədə humanitar böhran dərinləşir: Uşaqlar ölür, milyonlar evsiz qalıb
Sudanda davam edən silahlı münaqişələr və humanitar böhran pik həddə çatıb.
Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Şimali Kordofan əyalətində, xüsusilə Bara şəhərinin qərbində yerləşən kəndlərdə 200 mindən çox insan epidemiya təhlükəsi səbəbindən karantin şəraitində yaşayır.
Bölgədə tibbi xidmətlərin tamamilə çökməsi fonunda uşaqlar arasında 100-dən çox qızılca, eləcə də rəsmi qeydə alınmış 45-dən çox kolera hadisəsi aşkarlanıb. Sudan Səhiyyə Nazirliyinin məlumatına görə, təkcə Şimali və Qərbi Kordofan əyalətlərində ümumilikdə kolera yoluxması və 127 ölüm halı qeydə alınıb.
Böhranın dərinləşməsinə əsas səbəb kimi Çevik Dəstək Qüvvələrinin (RSF) mart ayından bəri bu ərazilərə gedən humanitar yardım dəhlizlərini və tibbi tədarükü tamamilə blokadaya alması göstərilir. Bu səbəbdən bölgədə təcili dərman, peyvənd, təmiz su və serum çatışmazlığı yaranıb ki, bu da uşaq ölümlərinin kəskin artması riskini formalaşdırıb.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) hesabatına əsasən, cari ilin ilk 6 ayında baş verən hücumlarda Sudanda ən azı 330 uşaq öldürülüb və ya ağır yaralanıb.
Qeyd edək ki, Sudanda 2023-cü ilin aprelində başlayan vətəndaş müharibəsindən bəri 14 milyondan çox insan (ölkə əhalisinin təxminən 30%-i) evini tərk etmək məcburiyyətində qalıb. Hazırda hər 4 sudanlıdan 1-i qaçqın statusundadır. Didərgin düşən insanların 9 milyonu ölkə daxilində sığınacaq axtarır, 4.4 milyonu isə qonşu dövlətlərə (əsasən Çad, Cənubi Sudan və Misirə) sığınıb.






