Ronaldo: "Kriştianodan əvvəl Portuqaliya heç nə qazanmamışdı"
“Dünya Çempionatını bu cür tərk etdiyim üçün kədərliyəm. Əlimdən gələn hər şeyi etdim. Maksimumumu verdim. Bəli, bu mənim sonuncu Dünya Çempionatım idi”.
Patrul.az xəbər verir ki, bu sözləri Portuqaliya millisinin ulduz futbolçusu Kriştiano Ronaldo komandasının İspaniyaya 0:1 hesablı məğlubiyyətindən sonra deyib.
41 yaşlı hücumçunun mundial karyerası DÇ-2026-nın 1/8 finalındakı bu məğlubiyyətlə başa çatıb.
O, millidən tamamilə getmək barəsində isə tələsik qərar verməyəcəyini açıqlayıb:
“İndi düşünmək və ailəmlə vaxt keçirmək üçün zamanım olacaq. Heç bir tələsik qərar verməyəcəyəm. Mən emosiyaların təsiri altında, isti-isti qərarlar qəbul etmirəm. Davam edib-etməyəcəyim hazırda önəmli deyil. Sabah da bu gün oyandığım kimi eyni şəkildə – təmiz vicdanla oyanacağam”.
Mundial kubokunu qazana bilməməsi barədə suallara isə ulduz futbolçu ölkəsinə qazandırdığı digər uğurları xatırladaraq nöqtə qoyub:
“Milli komandada 23 il oynadım və üç titul qazandım. Kriştianodan əvvəl Portuqaliya heç nə qazanmamışdı. Avropa Çempionluğu bunların içində ən mühüm olanı idi. Mənim üçün 2016-cı ildəki o titul, səmimi deyirəm, Dünya Kuboku ilə eyni böyüklükdə və əhəmiyyətdədir”.
Qeyd edək ki, ulduz futbolçu dünya çempionatlarında ümumilikdə 30 oyun keçirib, 12 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, mundiallar tarixində 6 müxtəlif turnirdə meydana çıxan və qol vuran ilk futbolçu kimi tarixə düşüb.
Xatırladaq ki, dünən keçirilən gərgin matçda İspaniya millisi 90+1-ci dəqiqədə vurduğu qolla Portuqaliyanı mübarizədən kənarlaşdıraraq Dünya Çempionatının 1/4 final mərhələsinə vəsiqə qazanıb.
Gülbəniz Səfərova






