Bir oyundakı məğlubiyyət həm məşqçinin, həm də ulduz futbolçunun taleyini həll etdi
Portuqaliya millisinin baş məşqçisi Roberto Martines vəzifəsindən rəsmən istefa verib.
Patrul.az xəbər verir ki, ispaniyalı mütəxəssis bu qərarını DÇ-2026-nın 1/8 finalında Portuqaliyanın İspaniyaya 0:1 hesablı məğlubiyyətdən dərhal sonra təşkil olunan mətbuat konfransında elan edib:
“Mən Portuqaliyaya dünya çempionu olmaq üçün gəlmişdim, qələbə olmadan davam etməyin mənası yoxdur”.
Martines qərarını “Bu, bir dövrün sonudur. Komandaya yeni səs, yeni lider lazımdır” sözləri ilə əsaslandırıb. O, həmçinin bu məğlubiyyətin bir “uğursuzluq olmadığını”, oyunun taleyini xırda detalların (dirəkdən qayıdan top və s.) həll etdiyini müdafiə edib.
Martines mətbuat konfransında həmçinin dünya çempionatlarında karyerası başa çatan 41 yaşlı kapitan Kriştianu Ronalduya xüsusi təşəkkür edib və onu “nümunəvi lider” adlandırıb.
Tənqidlərə baxmayaraq, Ronaldunu niyə 90 dəqiqə meydanda saxladığını isə belə izah edib:
“Qola ehtiyacınız olanda Kriştianu Ronaldunu oyundan çıxara bilməzsiniz. Onun cərimə meydançasındakı varlığı və təcrübəsi bizə lazım idi”.
Xatırladaq ki, dünən ABŞ-nin Dallas şəhərindəki “AT&T Stadium”da keçirilən qarşılaşmada yeganə qolu 90+1-ci dəqiqədə İspaniya millisinin heyətində Mikel Merino vurub və bu qol həm Martinesin, həm də Ronaldunun turnirdəki taleyini həll edib.
Məlumat üçün bildirək ki, R. Martines Portuqaliya millisinə rəhbərlik etdiyi dövrdə ümumilikdə 45 rəsmi və yoldaşlıq matçına çıxıb. Portuqaliya yığması bu 45 matçda 30 qələbə qazanıb, 9 heç-heçə edib və 6 məğlubiyyətlə üzləşib.
Gülbəniz Səfərova






