"İlham Əliyevin Misirə səfəri Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir" - ŞƏRH
“Prezident İlham Əliyevin Misirə səfəri və Yaxın Şərq Sülh Sammitində iştirakı Azərbaycanın beynəlxalq nüfuzunun artıq regional çərçivələri çoxdan aşdığını göstərir. Bu səfər bir daha sübut edir ki, Azərbaycan artıq hadisələri kənardan izləyən deyil, proseslərin yönünü müəyyən edən ölkə statusundadır”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirib. O, Prezident İlham Əliyevin Donald Tramp və Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirakını və Trampın İlham Əliyevlə yaxın münasibətlərini şərh edib.
“İlham Əliyevin həm ABŞ Prezidenti Donald Tramp, həm də Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə eyni platformada yer alması diplomatik cəhətdən olduqca simvolik məna daşıyır.
Azərbaycanın bu sammitə dəvət olunması ölkəmizin Yaxın Şərqdə sülh və sabitlik məsələlərinə real təsir imkanlarının tanındığını göstərir. Trampın İlham Əliyevlə yaxın münasibətləri, əslində, ABŞ-nin regiondakı siyasətində Azərbaycanın əhəmiyyətini açıq şəkildə ortaya qoyur. İlham Əliyev bu münasibətləri şəxsi simpatiya səviyyəsindən çıxarıb, strateji əməkdaşlıq müstəvisinə daşıya bilib.
Azərbaycanın balanslaşdırılmış və müstəqil xarici siyasəti bu etimadın əsas səbəbidir. İlham Əliyev illərdir göstərir ki, ölkə heç bir blokun tərkibində deyil, amma hər bir qüvvə mərkəzi ilə dialoqa qadirdir. Bu, onu həm Qərb, həm də Şərq üçün etibarlı tərəfdaşa çevirib”.

T. İsmayılov Donald Trampın Prezident İlham Əliyevə isti münasibəti onun liderliyinə verilən dəyəri göstərdiyini və Azərbaycan bu görüşlərdə həm də Türk dünyası və regional sabitliyi təmsil etdiyini vurğulayıb:
“Trampın Azərbaycan liderinə olan isti münasibəti də təsadüfi deyil – o, İlham Əliyevin siyasi çevikliyini, liderlik intuisiyasını və milli maraqlara sadiqliyini yüksək qiymətləndirir. Bu sammitdə İlham Əliyevin iştirakı həm də Azərbaycanın sülh gündəminin beynəlxalq səviyyədə qəbul olunduğunun göstəricisidir.
Əslində, Azərbaycan bu cür görüşlərdə yalnız özünü təmsil etmir, o, bütün Türk dünyasının, Qafqazın və enerji təhlükəsizliyinin rəmzidir. İlham Əliyevin səsi bu gün regionda sabitlik, reallıq və ədalət səsi kimi eşidilir”.
Politoloq qeyd edib ki, Azərbaycan etibarlı tərəfdaş imicini İlham Əliyevin uzaqgörən siyasəti sayəsində qazanıb:
“Belə sammitlərdə onun iştirakı Azərbaycan diplomatiyasının uğurunun və Prezidentin şəxsi nüfuzunun bariz təsdiqidir. Qlobal siyasətdə etibarlı tərəfdaş imicini qazanmaq asan deyil, lakin Azərbaycan bunu İlham Əliyevin uzaqgörən siyasəti sayəsində bacarıb”.
Cəmilə Cəfərzadə






