media-33e29fc2-c358-4838-b427-9433d0ab0aec

Tovuz rayonunun Bəqqallı kənd sakinin inəkləri elektrik cərəyanı vurması nəticəsində tələf olub.

Sakin Patrul.az-a bildirib ki, məsələ ilə bağlı “Azərişıq” ASC-yə şikayət etsə də, müraciətinə baxılmayıb. Vətəndaşlar isə çox vaxt ilkin şikayətlərinə cavab verilmədikdə növbəti addımın nə olacağını bilmirlər.

Bu halda sakin hansı quruma müraciət etməlidir və hüquqlarını qorumaq üçün nə edə bilər?

Mövzu ilə bağlı 5 saylı Vəkil Bürosunun vəkili Asim Abbasov Patrul.az-ın sualını cavablandırıb.

media-d41572ae-657a-46af-90fc-33d15f931cde
Onun sözlərinə görə, vətəndaş bu cür hallarda aidiyyəti qurumların cavabından asılı olmayaraq hüquqlarını qorumaq üçün hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət edə bilər:

“Belə halda vətəndaşın hüquqları yalnız şikayətin qəbul olunmaması ilə bitmiş hesab edilmir. Əgər bu hadisə elektrik təsərrüfatında nasazlıq, təhlükəsizlik qaydalarının pozulması, naqillərin yerə düşməsi, izolyasiyanın zədələnməsi və ya enerji təchizatçısının səhlənkarlığı ilə bağlıdırsa, zərərçəkmiş şəxs həm inzibati, həm də mülki qaydada hüquqlarını müdafiə edə bilər. İlk növbədə hadisə ilə bağlı dərhal polis orqanına və rayon prokurorluğuna məlumat verilməlidir ki, hadisə yerinə baxış keçirilsin, akt tərtib olunsun, səbəblər müəyyən edilsin və məsul şəxslərin hərəkətlərinə hüquqi qiymət verilsin. Çünki heyvanların elektrik cərəyanı vurması nəticəsində tələf olması təhlükəli mənbədən zərər vurulması halı kimi araşdırılmalıdır”.

A. Abbasov qeyd edir ki, belə hallarda vətəndaş rəsmi akt və baytarlıq arayışı alaraq Energetika Nazirliyinə şikayət etməli və əsas hüquqi müdafiə vasitəsi kimi məhkəməyə müraciət etməlidir:

“Eyni zamanda rayon baytarlıq xidməti və ya aidiyyəti dövlət qurumu tərəfindən heyvanların tələf olması barədə rəsmi sənəd alınmalıdır. Bu sənədlər sonradan məhkəmədə əsas sübut hesab olunur. Bundan başqa, vətəndaş “Azərişıq” ASC-nin rəsmi qaydada şikayəti qəbul etməməsi halında Azərbaycan Respublikasının Energetika Nazirliyinə müraciət edə bilər. Çünki kommunal xidmət göstərən qurumların istehlakçı müraciətlərinə baxmaq və təhlükəsizlik tələblərinə əməl etmək vəzifəsi mövcuddur. Ən effektiv hüquqi yol isə məhkəməyə müraciət etməkdir”.

Vəkil həmçinin bildirir ki, bu kimi hallarda zərərçəkmiş şəxs sübutları toplayaraq məhkəməyə müraciət edib dəymiş maddi ziyanın tam ödənilməsini tələb edə bilər:

“Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən zərər vuran şəxs vurduğu maddi ziyanı tam həcmdə ödəməlidir. Əgər inəklərin ölümü enerji xətlərinin nasaz vəziyyətdə saxlanılması və ya təhlükəsizlik tədbirlərinin görülməməsi nəticəsində baş veribsə, sakin məhkəmədə heyvanların bazar dəyərinin və dəymiş əlavə ziyanın ödənilməsini tələb edə bilər. Tövsiyə olunur ki, hadisə yerinin foto və videoları toplansın, şahid ifadələri alınsın, tələf olmuş heyvanların dəyərini təsdiq edən sənədlər (alış sənədi, baytarlıq qeydiyyatı, bazar qiymət arayışı və s.) əldə edilsin və yazılı şəkildə iddia qaldırılsın. Əgər əvvəlcədən “Azərişıq” ASC-yə müraciət edilibsə və cavab verilməyibsə və ya imtina olunubsa, həmin yazışmalar da sübut kimi əlavə edilməlidir. Yekun olaraq, belə vəziyyətdə sakin polisə, prokurorluğa, aidiyyəti nəzarət qurumlarına və ən əsası məhkəməyə müraciət etməlidir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər