media-inshot_20260204_171504966

Bəzən insanlar münasibətlərində zərər gördüklərini hiss etsələr də, oradan ayrıla bilmirlər. Bunun səbəbi sadəcə sevgi ilə bağlı olmaya bilər, psixologiyada bu halın bir çox fərqli izahı mövcuddur. İnsanlar vərdiş, qorxu, sosial bağlılıq və gələcəyə dair qeyri-müəyyənlik hissi kimi faktorlarla bağlı qalırlar.

İnsan niyə zərər gördüyü münasibəti tərk edə bilmir?

Bu barədə psixoloq Nizami Orucov Patrul.az-a açıqlamasında bildirib ki, özünəinamı zəif və emosional asılılığı olan insanlar tək qalmaq qorxusuna görə zərərli münasibətlərdə qalırlar:

“İnsan zərər gördüyü münasibəti tərk etməkdə çətinlik çəkə bilər, çünki bu cür münasibətlər təkcə emosional deyil, psixoloji bağlarla da möhkəmlənir. Ümid hissi əsas səbəblərdən biridir. İnsan qarşı tərəfin dəyişəcəyinə inanır və yaşadığı ağrını bu ümidlə əsaslandırır. Bu ümid münasibətdə qalmağı asanlaşdıran, amma eyni zamanda onu uzadan bir mexanizmdir. Digər vacib amil qorxudur. Tək qalmaq, naməlum gələcək, alışılmış düzənin pozulması insan üçün münasibətdə qalmaqdan daha təhlükəli görünə bilər. Xüsusilə özünəinamı zədələnmiş insanlar “bundan yaxşısı olmayacaq” düşüncəsi ilə münasibətə yapışırlar. Emosional asılılıq və bağlanma travmaları da ayrılığı çətinləşdirən faktorlardandır”.media-img-20260204-wa0030

Psixoloq həmçinin vurğulayır ki, zərərli münasibətlərdə insanlar zərəri adiləşdirərək sevgi kimi qəbul etdikləri üçün onları tərk etmək çətinləşir:

“Bundan əlavə, zərər verən münasibətlərdə çox vaxt normalın sərhədi itir. İnsan zamanla zərəri adiləşdirir və bunu sevginin bir parçası kimi qəbul etməyə başlayır. Münasibəti tərk etmək üçün təkcə qarşı tərəfi deyil, həm də bu düşüncə sistemini buraxmaq lazımdır ki, bu da psixoloji baxımdan asan olmur”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər