İnsanlar işlərini planlı görmək üçün vaxtı necə idarə etməlidir? - Psixoterapevt açıqladı
Müasir dövrdə insanların ən çox şikayətləndiyi məsələlərdən biri vaxt çatışmazlığıdır. Gün ərzində görüləsi işlərin çoxluğu, planların ard-arda yığılması və vaxtın düzgün bölüşdürülməməsi həm iş həyatında, həm də şəxsi yaşamda gərginlik yaradır. Bir çoxları günün sonunda vacib işlərin yarımçıq qaldığını, vaxtın isə nəzarətdən çıxdığını etiraf edir. Vaxtın idarə edilməsi mövzusu bu baxımdan cəmiyyət üçün акtuallığını qoruyur.
Günü planlamaq üçün hansı metodlardan istifadə etmək daha səmərəli ola bilər?
Bu barədə psixoloq, psixoterapevt Orxan Şəfizadə Patrul.az-a açıqlamasında bildirib ki, vaxtın idarə edilməsi əslində özünü düzgün idarə etmək və prioritetləri ağılla təyin etməkdir:

“Vaxtın idarə edilməsi əslində özünü idarə etməkdir. Günün düzgün planlanması stressi azaldır, məhsuldarlığı və daxili rahatlığı artırır.
Effektiv planlama üçün 5 psixoloji qayda:
1) Yazılı plan tut
Gün üçün maksimum 5–7 əsas işi yaz. Yazılmayan iş beyin üçün qeyri-ciddidir.
2) Prioritetləri müəyyən et
Ən vacib işi günün əvvəlində et. Hər iş təcili deyil.
3) Enerjini nəzərə al
Səhərlər çətin, günorta rutin, axşam yüngül və yaradıcı işlər üçün uyğundur.
4) Fasiləni unutma
Hər 60–90 dəqiqədən bir qısa fasilə diqqəti bərpa edir.
5) “Yox” deməyi bacar
Hər kəsə “hə” demək vaxt itkisinə səbəb olur.
Yekun olaraq deyə bilərəm ki, real plan, elastik yanaşma və özünü günahlandırmamaq uğurun əsas açarıdır. Vaxt deyil, özünü düzgün idarə et”.
Cəmilə Cəfərzadə






