media-inshot_20250721_165406687

Güzgü insanların xarici görünüşünü yoxlamaq üçün istifadə etdiyi sadə bir əşya kimi görünsə də, bəziləri üçün  “həmsöhbət” və ya fikirlərini dilə gətirdiyi “dost”dur. Bu insanlar güzgü qarşısında dayanaraq dərdlərini bölüşür, qərarlar qəbul edir və özlərinə motivasiya verirlər. Bəs bu davranışın arxasında hansı psixoloji mexanizmlər dayanır?

Bu barədə Patrulaz.az-a danışan psixoloq Aytən Ələkbərova maraqlı məqamlara toxunur:

“Bəzən elə insanlar olur ki, onlar bizə müraciətləri zamanı “Güzgünün qarşısında çox dayanır, saatlarla ora baxıram. Hətta mənə deyirlər ki, dəli olacaqsan, bəsdir, o güzgünün qarşısından çəkil!” – kimi fikirlər səsləndirirlər. Bunu deyən pasiyent bildirir ki, bu hərəkətini görənlər onun “eqolu” olduğu düşünürlər. O isə bunun səbəbini belə izah edir: “”Güzgünün qarşısında dayanmağım özümü sevdiyim üçün deyil. Elə anlar olur ki, güzgü ilə söhbət etdiyim zaman, heç kimdən eşitmədiyim bəzi səhvlərimi özümdə görürəm və onların öhdəsindən gəlməyə çalışıram. Hətta bəzən heç kimin görə bilmədiyi daxili gözəlliyimi orada kəşf edirəm”, bu fikirlərdən də görünür ki, müxtəlif insanlar güzgü qarşısında dayanaraq fərqli nəticələr əldə edə bilir. Kimisi bu vasitə ilə özünü inkişaf etdirir, kimisi isə şəxsiyyətini tədricən cəmiyyətdən uzaqlaşdırır.

Güzgü ilə danışmaq insanın psixoloji inikasının əks təsiridir, yəni insan özünü güzgüdə gördüyü kimi dərk etməyə başlayır və bəzən oradakı görüntünü həyata keçirməyə çalışır. Bu hal real həyatdakı davranışlara da ciddi təsir edir”.

media-img-20250721-wa0017

Psixoloqun sözlərinə görə, güzgü qarşısında öz-özünə danışmaq insanın beynində konkret məqsədləri kodlaşdırmasına səbəb olur. Bu üsuldan istifadə edən şəxslər daha çox diqqət toplayır, özünəinam formalaşdırır və nəticədə istədikləri uğura nail olurlar:

“İnsanlar güzgüdə öz gözlərinin içinə baxaraq qarşıya qoyduqları məqsədlərə çata bilirlər. İllərdir apardığım müşahidələrə əsasən, bu üsuldan istifadə edən bir çox abituriyent uğur qazanıb:

“”Mən güzgüyə baxaraq dərsi danışanda elə bilirəm ki, qarşımdakı auditoriyadır” – deyən bir şagird bizə müraciət etmişdi. İnanın ki, 25 il əvvəl bu üsulu tətbiq edən şəxslər bu gün şəxsi inkişaf sahəsində uğurlu karyeraya sahib insanlardır.

Maraqlı müşahidələrimdən biri də 3-4 yaşlı uşaqlarla bağlıdır. Uşaqlar güzgü qarşısında dayanaraq öz hərəkətlərini müşahidə etdikdə onların gələcəkdə hansı sahədə uğur qazanacağı barədə müəyyən təsəvvür yaranır. Misal üçün, jurnalistika sahəsində çalışan bir müraciətçi bildirib:

“”Saatlarla güzgü qarşısında dayanıb, darağı mikrofon kimi tutub, özümü kameraya alışdırırdım”. Görünür bu üsuldan istifadə edənlər eyni vərdişi şüuraltı olaraq kodlaşdıraraq bu gün ölkənin bacarıqlı jurnalistlərinə çevriliblər.

Güzgü ilə söhbət zamanı insan əslində öz-özü ilə üz-üzə qalır və bu, çox effektiv psixoloji metodlardan biridir. Biz güzgü terapiyalarında bu yanaşmadan istifadə edirik və istədiyimiz nəticəni əldə edirik”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər