Əhalini qorxuya salan Nipah virusu ilə bağlı VACİB XƏBƏR - "Karantin ehtiyacı yoxdur!"
Son günlər sosial şəbəkələrdə və mediada Nipah virusunun sürətlə yayıldığı xəbərləri insanlar arasında qorxu və narahatlıq yaradıb. Hindistanda virusun yayılması ilə bağlı məlumatlar əhali arasında təlaşa səbəb olur, xüsusilə də xəstəliyin yoluxucu olması və ciddi simptomlar göstərə biləcəyi barədə məlumatlar yayılır.
Nepal virusu (Nipah virusu) əsas əlamətləri hansılardır və bu virusla bağlı yenidən karantin tətbiq olunması riski varmı?
Bu barədə terapevt Pənah Pənahov Patrul.az-a açıqlamasında bildirib ki, bu virusun əsas əlamətləri yüksək hərarət, baş və əzələ ağrıları, halsızlıq, bəzən öskürək və tənəffüs çətinliyidir:
“Nipah (Nepal) virusu nadir rast gəlinən virusdur və əsasən müəyyən regionlarla məhdudlaşır. Onun əsas əlamətlərinə yüksək hərarət, baş ağrısı, əzələ ağrıları, ümumi halsızlıq, bəzən öskürək və tənəffüs çətinliyi daxildir. Ağır hallarda sinir sisteminin zədələnməsi və şüur pozğunluğu müşahidə oluna bilər, lakin bu hallar geniş yayılmış deyil”.

Həkimin sözlərinə görə, virusun yayılmasının qarşısını almaq üçün gigiyena qaydalarına riayət etmək kifayətdir və hazırda karantin tətbiqinə ehtiyac yoxdur:
“Əsas diqqət profilaktikaya yönəldilməlidir: şəxsi gigiyenaya riayət etmək, çiy və ya yaxşı yuyulmamış meyvələrdən istifadə etməmək, xəstəlik əlamətləri olan şəxslərlə yaxın təmasdan çəkinmək və hərarət, halsızlıq kimi simptomlar olduqda vaxtında həkimə müraciət etmək kifayətdir. Hazırda bu virusun kütləvi şəkildə yayılması ilə bağlı ciddi risk və ya fövqəladə vəziyyət yoxdur. Buna görə də yenidən karantin tədbirlərinin tətbiqi real görünmür. Əhalidə panikaya əsas verən vəziyyət yoxdur”.
Cəmilə Cəfərzadə






