İran: “Azərbaycan Qafqazı Cənubi Asiya ilə birləşdirən qızıl körpüdür”
İran mediası Azərbaycanı bölgənin mühüm tranzit mərkəzi kimi qiymətləndirib.
Patrulaz.az xəbər verir ki, “Eghtesad-e-Moaser” portalı İran və Azərbaycan arasında dəmir yolu əlaqələrinin inkişafının, eləcə də tranzit dəhlizlərində əməkdaşlığın regionun geoiqtisadi mənzərəsini dəyişdirdiyini yazıb.
Məlumata görə, Azərbaycanın dəmir yolu şəbəkəsinin İrana birləşdirilməsi, son aylarda Bakı və İslamabadın təşəbbüs göstərdiyi Azərbaycan–İran–Pakistan dəmir yolu marşrutunun formalaşmasına təkan verə bilər.
Portal qeyd edir ki, Türkiyə və Azərbaycanın Əfqanıstan və Pakistana dəmir yolu ilə bağlanmaq niyyəti xüsusi əhəmiyyət daşıyır. Bu layihə Azərbaycanın tranzit imkanlarını genişləndirməklə yanaşı, Cənubi Asiya bazarlarına çıxış üçün də strateji fürsət yaradır.
“Azərbaycanın son illərdə tranzit dəhlizlərində rolunu artıraraq geoiqtisadi üstünlüklərini geosiyasi təsir vasitəsinə çevirməyə çalışdığı müşahidə olunur. Bu strategiya xüsusilə “Lapis Lazuli” dəhlizi çərçivəsində özünü göstərir”, – deyə məqalədə vurğulanır.
Xatırladaq ki, 2017-ci ildə Aşqabadda imzalanmış “Lapis Lazuli” sazişi Əfqanıstan, Türkmənistan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan vasitəsilə Avropaya uzanan marşrutun hüquqi bazasını formalaşdırıb.
Bununla yanaşı, İran və Azərbaycan arasında Zəngəzur dəhlizi ilə bağlı fikir ayrılıqları olsa da, ekspertlərin fikrincə, bəzi dəhlizlər üzrə əməkdaşlıq hər iki ölkə üçün strateji və iqtisadi baxımdan faydalı ola bilər. Bu əməkdaşlıq qarşılıqlı ticarət dövriyyəsini də artıra bilər.







