İran dövlət televiziyası vətəndaşlara səsləndi: "Amerikalı pilotu sağ ələ keçirənə mükafat veriləcək"
İranın Dövlət Televiziyası ölkə səmasında qəzaya uğrayan ABŞ qırıcısının itkin düşmüş pilotunun ələ keçirilməsi üçün genişmiqyaslı kampaniyaya başlayıb. Rəsmi Tehran pilotu sağ tapan və təhvil verən şəxslərə böyük məbləğdə pul mükafatı vəd edib.
Patrul.az xəbər verir ki, İranın dövlət yayım orqanı (IRIB) xüsusilə qəzanın baş verdiyi Kohgiluye və Boyer-Əhməd vilayətinin sakinlərinə müraciət edərək onları axtarışlarda fəal iştirak etməyə çağırıb. Canlı efirdə səslənən müraciətdə sakinlərə xəbərdarlıq edilib ki, tapılan pilota zərər verilməməli, o, mütləq diri şəkildə hərbi və ya polis orqanlarına təslim edilməlidir.
Dövlət televiziyasının aparıcısı müraciətində bu sözləri qeyd edib:
“Kohgiluye və Boyer-Əhməd əyalətinin əziz və hörmətli sakinləri! Düşmən pilotunu və ya pilotlarını diri ələ keçirib təhvil versəniz, sizə dəyərli mükafat və xüsusi bonuslar veriləcək”.
Yerli mənbələrin məlumatına görə, vilayət qubernatoru və bir qrup iş adamı pilotun başına 10 milyard tuman (təxminən 60.000 – 76.000 ABŞ dolları) məbləğində mükafat qoyublar.
Xatırladaq ki, İran tərəfi ölkənin hava məkanını pozan ABŞ-yə məxsus qırıcı təyyarənin vurulduğunu iddia edir.
Vaşinqton isə təyyarənin qəzaya uğradığını təsdiqləsə də, səbəblər barədə detallı məlumat vermir. ABŞ rəsmiləri iki nəfərlik ekipajdan birinin artıq xilas edildiyini, digər pilotun taleyi ilə bağlı isə axtarışların davam etdiyini bildiriblər.
Hazırda İranın dağlıq bölgələrində həm hərbi birləşmələr, həm də mükafat həvəsində olan yerli sakinlər tərəfindən intensiv axtarışlar aparılır.
Gülbəniz Səfərova






