İran mediası: "Zəngəzur dəhlizi haradadır və niyə İran üçün vacibdir?"
Zəngəzur dəhlizi ilə bağlı İran mediasında narahatlıq doğuran dəyərləndirmələr yer alıb.
Patrulaz.az xəbər verir ki, İranın “Setare” xəbər saytı dəhlizin strateji mövqeyini təhlil edərək yazır ki, marşrut Ermənistanın cənubundan keçərək Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək. Sayt qeyd edir ki, bu dəhliz İranın şimal sərhədinə çox yaxın yerləşdiyindən, burada baş verəcək istənilən geosiyasi dəyişiklik Tehranın milli maraqlarına birbaşa təsir edə bilər.
“Ermənistan İran üçün Rusiya, Gürcüstan və Avropa ilə quru bağlantısı baxımından həyati əhəmiyyət daşıyır. Bu dəhlizdə suverenlik məsələsində dəyişiklik olarsa, İranın regional rolu zəifləyə bilər”, – deyə “Setare” nəşri yazıb.
Qeyd edək ki, Zəngəzur dəhlizi reallaşacağı təqdirdə, Azərbaycan İran ərazisinə daxil olmadan Naxçıvana birbaşa çıxış əldə etmiş olacaq. Bu isə İranın tranzit baxımından strateji üstünlüyünə ciddi təsir edə bilər.
Gülbəniz Səfərova






