İran niyə özünə yeni cəbhələr açmağa çalışır? - Qonşu ölkələrə hücumun pərdəarxası - ŞƏRH
Martın 1-dən etibarən ABŞ və İsrail ilə İran arasında münaqişə genişmiqyaslı müharibəyə çevrildi. Belə ki, fevralın 28-də İranın paytaxtı Tehran şəhərində ABŞ və İsrailin birgə zərbələri nəticəsində İranın ali dini lideri Ayətullah Xameninin ölümündən sonra Tehran ordusu qisas əməliyyatlarına başladı. Buna cavab olaraq İran Körfəz ölkələrindəki ABŞ hərbi bazalarına zərbələr endirdi. İran bu bazaları hədəfləyərkən mülki obyektlərə də zərbələr endirdi. Nəticədə onlarla mülki şəxs həlak oldu.
Tehran hökuməti bununla kifayətlənməyərək ABŞ-nin bazalarının olmadığı qonşu ölkələrə də hücumlar həyata keçirdi. Martın 4-də Türkiyəyə, bir gün sonra isə Azərbaycanın Naxçıvan şəhərinə zərbələr endirdi. Bu gün də Türkiyənin hava məkanında İran tərəfindən buraxılan növbəti raket məhv edilib.
Bu istiqamətdə hətta BMT Təhlükəsizlik Şurası 11 mart 2026-cı il tarixində İranın öz qonşularına qarşı hücumlarını pisləyən 2817 saylı qətnaməni qəbul edib. Sənəddə İranın Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ və İordaniyaya qarşı “kobud hücumları” ən sərt şəkildə pislənilir. BMT İrandan bu ölkələrə qarşı bütün hərbi əməliyyatları dərhal və qeyd-şərtsiz dayandırmağı tələb edib. İran tərəfi isə bu qətnaməni “qanunsuz” adlandırıb və BMT-ni ABŞ və İsrailin İrana hücumlarını qınamadığı üçün ikili standartlarda ittiham edib.
Bundan sonra da İranın yeni seçilmiş ali dini lideri Müctəba Xameni ilk açıqlamasında regiondakı ABŞ bazalarına zərbələrin davam edəcəyini söyləyib.
İran bu cür çətin vəziyyətdə niyə özünə başqa bir cəbhə açmaq istəyir? Onun region ölkələrinə hücumu nə vaxta qədər davam edəcək?
Bu barədə Patrul.az-a politoloq Oqtay Qasımov öz fikrini bölüşüb. Onun sözlərinə görə, İran ABŞ və İsrailin hücumlarına cavab olaraq qonşuluğundakı ölkələrə, o cümlədən Körfəz dövlətlərinə zərbə endirməklə güc nümayiş etdirməyə çalışır:
“İran hələ müharibənin əvvəlindən bildirmişdi ki, Amerika və İsrail ona hücum edərsə, bu müharibə sərhədləri aşacaq. Elə savaş başlayandan sonra da İranın Körfəz ölkələrini hədəf almasının şahidi olduq. Hazırda isə Tehran təkcə ABŞ bazalarını deyil, eyni zamanda mülki obyektləri də vurmağa başlayıb. İranın bu addımları həm də ona hesablanıb ki, müharibə bitdikdən sonra regionda öz təsir imkanlarını nümayiş etdirsin və bölgənin hegemon dövləti olduğunu göstərsin.
Həm Azərbaycanın, həm də Türkiyənin ərazilərinin atəşə tutulması da bununla bağlıdır. İran bu savaşı bitirdikdən sonra ABŞ və İsrailin zərbələrinə baxmayaraq rejimin ayaqda qaldığını və özünü müdafiə edə bildiyini göstərməyə çalışır”.

Politoloq bildirir ki, İran Hörmüz boğazının bağlanacağı məsələsində də ölkələrə gözdağı verməyə çalışır:
“İran eyni zamanda Hörmüz boğazını bağlamaqla dünyanı enerji bazarında şantaj edir. Bu da Tehrana müəyyən təzyiq imkanları verir. Dünən İranın yeni ali dini lideri Müctəba Xameni də bildirdi ki, Tehran qonşu və regiondakı digər ölkələrlə dostluq münasibətlərində maraqlıdır, amma ABŞ-nin bölgədəki bazalarına zərbələrin endirilməsi prosesi davam edəcək.
Türkiyəyə İran tərəfindən atılan üçüncü raket də məhz bu bəyanatdan sonra baş verdi. Rəsmi Ankara bununla bağlı Tehrana bir neçə dəfə xəbərdarlıq edib. İranda hələ də Türkiyə ərazisində olan bazaların ABŞ-nin deyil, NATO-nun bazaları olduğu nəzərə alınmalıdır. Çünki hazırda İranla müharibədə olan NATO deyil, Amerikadır. Bu baxımdan Tehranın belə addımları təxribat xarakteri daşıyır”.
O.Qasımovun sözlərinə görə, İran bu müharibədə ona dəstək olan Rusiya və Çinə arxalanaraq Azərbaycan və Türkiyəyə hücum etməklə öz sözünü deməyə çalışmaq istəsə də, yanlış addım atır:
“Əslində İran düşünür ki, Rusiya və Çindən aldığı dəstəklə ABŞ və İsrailin təzyiqlərinə davam gətirəcək, öz mövcudluğunu qoruyub saxlayacaq və hazırkı psixoloji vəziyyətinə görə region ölkələrinə öz şərtlərini diktə etmək imkanını qazanacaq. Körfəz ölkələrini hədəfə alarkən bunu müəyyən qədər anlamaq olar. Çünki bu ərazilərdə ABŞ-yə məxsus 14 hərbi baza yerləşir.
Amma nəzərə almaq lazımdır ki, vurulan təkcə ABŞ bazaları deyil, eyni zamanda enerji və kommunikasiya infrastrukturu, mülki obyektlər də hədəfə alınır. Bu da İranın bəzi addımlarına bəraət qazandırmır. Tehran bu hücumlarla düşünürsə ki, gələcəkdə Azərbaycan və Türkiyəyə nəyisə diktə edə biləcək, hesab edirəm ki, bu, yanlış yanaşmadır”.
Gülbəniz Səfərova






