"İran tərəfinin belə bir addım atması nankorluğunun və riyakarlığının göstəricisidir" - Ceyhun Məmmədov
“İran tərəfinin belə bir addım atması nankorluğunun və riyakarlığının göstəricisidir. Azərbaycan hər zaman İranla münasibətlərin qorunmasına xüsusi önəm verib, ölkəmiz dostluğa, qardaşlığa sadiq olub. Bu yaxınlarda Cənab Prezidentin İran səfirliyində Tehran hökumətinə başsağlığı verməsi bunu bir daha təsdiq edir”.
Bu sözləri İranın Naxçıvana dronla zərbələr endirməsi ilə bağlı Patrul.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Millət vəkili Azərbaycanın daima İran da daxil olmaqla qonşu ölkələrə hörmətlə yanaşdığını xatırladaraq, İran tərəfinin bunun fonunda ölkəmizə hücumunu “terror aktı” kimi qiymətləndirib:
“Bütün risklərə baxmayaraq, dünyada İranın təcrid olunduğu bir vaxtda Azərbaycan öz mövqeyini ortaya qoydu. Ancaq İran isə bunların heç birini nəzərə almayaraq bizə qarşı təxribat törətdi. Azərbaycan dəfələrlə bildirib ki, ölkənin ərazisindən İrana qarşı heç vaxt istifadə olunmayıb. Bu, İrana dəfələrlə bildirilib. Prezidentimizin Ali dini lider Ayətullah Əli Xamenei ilə bağlı başsağlığı verməsi, səfirliyi ziyarət etməsi, İrana humanitar yardım göndərməyi planlaşdırması da Azərbaycanın bu məsələdə nə qədər həssas mövqedə olduğunu göstərdi. Yəni ölkəmiz İrandan fərqli olaraq heç vaxt riyakar siyasət həyata keçirməyib. Həmişə qonşularına dəstək olub. Biz bunu müxtəlif dövrlərdə görmüşük. Belə bir şəraitdə İran tərəfinin mülki vətəndaşların istifadə etdiyi Naxçıvan Hava Limanını vurması, o cümlədən sakinləri hədəfə alması terror kimi qiymətləndirilməlidir”.

C.Məmmədovun sözlərinə görə, Azərbaycana qarşı bu cür hərəkət edən ölkələr kimi İran da sonda peşman olacaq:
“Bu, açıq terror hadisəsidir və acizliyin, qorxaqlığın nümunəsidir. Azərbaycan həmişə prinsipial mövqedə olub. Ölkəmizə hücum edənlər peşman olublar. İran da bu qorxaq əməlinə görə peşman olacaq. Bu kimi məsələlərdə Azərbaycan həmişəki mövqeyini ortaya qoyacaq. Təəssüf ki, İran ölkəmizin etdiyi bu qədər yaxşılıqları anlamadı və belə bir təxribatçı addıma yol verdi. Təəssüf ki, qonşuluq prinsiplərinə zidd addım atdı”.
Gülbəniz Səfərova






