media-2d473d2d-97d7-4ddc-a73c-395884ef333d

Son günlər ABŞ və İran arasında nüvə proqramı üzrə vəziyyət yenidən gərginləşib.
Prezident Donald Trampın İranın nüvə proqramı ilə bağlı sərt açıqlamaları Tehranın kəskin reaksiyasına səbəb olub. İran rəsmiləri açıq şəkildə bildiriblər ki, əgər ölkələri hücuma məruz qalarsa, nüvə silahına əl atmaqdan çəkinməyəcəklər. Maraqlısı odur ki, ABŞ və İran arasındakı bu gərginliklər hərbi münaqişə səviyyəsinə çatacaqmı?
Patrulaz.az-a danışan politoloq Natiq Miri məsələ ilə bağlı öz fikirlərini bölüşüb:
“Bu gün ABŞ-lə İran arasında psixoloji müharibə gedir. İki ölkənin bir-birlərinə təhdid dolu açıqlamaları təzyiq xarakterlidir. ABŞ-nin təzyiqlərinə cavab olaraq, İran rəhbərliyi də çəkindirici açıqlamalar verir. Bir tərəfdən İran hökuməti ölkəsinin bombalanacağı təqdirdə çox ciddi cavabın olacağı xəbərdarlığını edir. Bunun üçün də İranın imkanları var”.
Politoloq məsələyə toxunaraq bildirib ki, Yaxın Şərqdəki mövcud gərginlik regionda yeni eskalasiyaya səbəb ola bilər. Onun sözlərinə görə, ABŞ-nin “dırnaqarası müttəfiq” hesab etdiyi ölkələrdəki hərbi bazalar potensial hədəf olaraq qalır və İran bu bazaları vuracağı təqdirdə, ABŞ-nin strateji tərəfdaşı olan İsrailin mühüm obyektlərini ballistik raketlərlə hədəfə almaq imkanı yaranır:
“ABŞ-nin dırnaqarası müttəfiqi saydığı Yaxın Şərq ölkələrində bəzi hərbi obyektləri var. Sözügedən bu bazaların yanaşı, paralel olaraq, ABŞ-nin strateji mütəffiqi olan İsrailin istənilən layihəsinin ballistik raketlərlə vurulması imkanı var. Eyni zamanda ABŞ-nin Ərəb ölkələri kimi strateji tərəfdaşlarına məxsus bir çox enerji obyektlərinin vurulması təhdidləri də ortada var. Bu da neftin qiymətinin kosmik şəkildə artmasına səbəb ola bilər”.

media-e9d44e95-614d-426a-9bfc-90805598ec6c
Politoloq Natiq Miri məsələyə toxunaraq bildirib ki, bugünkü nüvə təhdidi uzun müddətlik imtinadan sonra İran tərəfindən ilk ciddi addım kimi dəyərləndirilə bilər. Onun sözlərinə görə, İran rejimi indiyə qədər ali ruhani rəhbər Ayətullah Xomeyni nüvə silahının İslama zidd olması ilə bağlı fətvasına istinad edərək, belə bir silaha malik olmayacağını bəyan edirdi. Lakin son təhdidlər göstərir ki, Tehran artıq bu mövqedən uzaqlaşaraq, ABŞ-dən gələcək hərbi müdaxilə ehtimalını nəzərə alaraq nüvə silahı əldə edəcəyi ilə bağlı açıq mesajlar verir:
“Bugünki növbəti təhdid uzunmüddətli imtinadan sonra ilk olaraq dəyərləndirilə bilər. Çünki, İranın mövcud rejimi heçbir zaman nüvə silahına malik olmayacağına bəyan edib. Ona görə ki, İran bunu Ali ruhani Xomeyni nüvə silahının islama zidd olması fətvası ilə əlaqələndirib. Maraqlıdır ki, dünənə kimi bu şüardan istifadə edən İran rəhbərliyi artıq ABŞ-dən gələcək hərbi müdaxilənin ciddiliyi qarşılığında nüvə silahının əldə edilməsi ilə bağlı təhdidinə başlayıb. Bu o deməkdir ki, Xomeyni ABŞ-nin hücum edəcəyinə inanmadığını bildirsə də, onun İsraillə birgə hərbi əməliyyat keçirməsini ciddi qəbul edir. Hətta, bu İran rejimində çox ciddi qorxular yaradıb. Əgər belə olmasa idi, hücum olunacağı təqdirdə dərhal nüvə silahının istehsalına başlanmazdı. Bu İran dövlətinin nüvə silahının istehsalına nə qədər yaxın olduğunun bariz nümunəsidir. Hansı ki, bunu əvvələr Beynəlxalq Atom Agentliyinə təkzib edirdilər. Bu da həm region, həm də qlobal səviyyədə böyük bir təhlükə deməkdir. Ancaq bu ABŞ və yaxud İrana müdaxilə etmək istəyən gücləri çəkindirəcəyini düşünmürəm. Çünki Donald Tramp elə bir siyasətçidir ki, o öncə hədəfləri ən yüksəkdən qoruyur. Sonra öz istəyinə nail olmaq üçün davamlı təzyiqlərlə fəaliyyətə keçir və İrana münasibətdə da bunu görürük. Tramp bilir ki, İran cəzalandırılmasa həqiqətən də yaxın zamanda nüvə silahları ortaya çıxa bilər. Bu da ABŞ-nin mütəffiqi İsrail dövləti üçün potensial təhlükə olacaq”.
Politoloq qeyd edir ki, tərəflər arasında birbaşa diplomatik danışıqlar baş tutmasa və Vaşinqton vasitəçilər yolu ilə müzakirələr aparmaqdan imtina etsə, egionda vəziyyəti daha da kəskinləşəcək: “Düşünürəm ki, həqiqətən də psixoloji savaş davam edir. Ancaq iki tərəf arasında birbaşa danışıqlar olmasa və ABŞ vasitəçilər vasitəsilə danışıqları davam etdirməkdən imtina etsə, İranın strateji obyektlərinin, o cümlədən nüvə və ballistik raketləri istehsal edən müəssisələrin vurulması mümkün olacaq. Bu da İranın onilərlə geri salacaq”.
İranın ABŞ-nin təhdidləri ilə əlaqədar BMT-yə müraciəti ilə bağlı politoloq BMT-nin artıq son illərdə öz funksionallığını itirdiyini və bu qurumun İran məsələsində hər hansı təsir imkanlarının olmadığını vurğuladı:
“BMT artıq öz funksionallığını itirib. Bu gün təşkilat dünyada mövcud beş qlobal güc mərkəzlərinin, yəni BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvlərinin əlində girova çevrilib. Məsələn, istənilən beş dövlətdən biri özünün geosiyasi maraqlarının əleyhinə olan layihəyə asanlıqla veto qoymaqla hər hansı prosesi dayandıra bilir. Ona görə də BMT-nin bu məsələyə təsir imkanları sıfırdır. Həmçinin də, BMT-nin maliyyəsinin böyük hissəsi Amerika Birləşmiş Ştatlarının büdcəsinin üzərinə düşüb. Əgər bu maliyyə ödənilməsi, təşkilatın fəaliyyəti sual altına düşəcək. Bütün bunlara əsasən, BMT-nin birbaşa ABŞ-yə qarşı çıxmasını düşünmürəm”.

Göründüyü kimi, tərəflər arasında diplomatik danışıqların olmaması vəziyyəti daha da gərginləşdirir. Politoloq Natiq Miri bu qarşıdurmanı psixoloji müharibə kimi qiymətləndirərək, ABŞ və İran arasında mövcud olan qarşılıqlı təzyiqlərin regionda yeni bir eskalasiyaya səbəb ola biləcəyini qətiyyətlə vurğuladı.

 

Gülbəniz Səfərova


Bənzər xəbərlər