İranın ərəb ölkələrinə 3095 raket və PUA ilə cavabı: Regionda ən çox zərər görən ölkə hansıdır? - ANALİTİK BAXIŞ
28 fevral 2026-cı ildən etibarən İsrail və ABŞ-nin İrana qarşı həyata keçirdiyi “Epic Fury” əməliyyatı Yaxın Şərqdə gərginliyi yeni mərhələyə çıxarıb. Tehranın bu zərbələrə cavab olaraq regiondakı ərəb ölkələrinə qarşı genişmiqyaslı raket və pilotsuz uçuş aparatları ilə hücumlara başlaması münaqişənin coğrafiyasını xeyli genişləndirib.
Patrul.az-ın araşdırmasına görə, İran 28 fevraldan bəri ABŞ və İsrailin hücumlarına cavab olaraq yeddi ərəb ölkəsinə ümumilikdə 3095 raket və pilotsuz təyyarə ilə hücum həyata keçirib.
Hədəflər arasında ən çox zərbə alan ölkə BƏƏ, ən az hücuma məruz qalan isə Oman olub.
BƏƏ Müdafiə Nazirliyinin açıqlamasına görə, hücumların başlanmasından indiyədək 253 ballistik raket, 1440 PUA və 8 qanadlı raket aşkar edilib. Onlardan 233-ü hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib, 18-i dənizə düşüb, 2-si isə ölkə ərazisinə düşüb. Aşkarlanan 1440 pilotsuz aparatdan 1359-u zərərsizləşdirilib, 81-i isə ölkə ərazisinə düşüb. Hücumlar nəticəsində 4 nəfər həlak olub, 112 nəfər yaralanıb. Yaralananlar arasında bir Azərbaycan vətəndaşının da olduğu bildirilir.
O cümlədən ölkənin Palm Jumeirah ərazisində yerləşən otellərdən biri yanıb, Burj Al Arab vurulub, Dubay Beynəlxalq Hava Limanı hədəfə alınıb. Bunun nəticəsində Əbu-Dabidə bir nəfər həlak olub. Hücumlar fonunda Körfəz regionunda nəqliyyat və logistika fəaliyyətində ciddi pozuntular yaranıb.

Küveyt Müdafiə Nazirliyi 6 mart tarixinədək 212 ballistik raketin və 394 dronun zərərsizləşdirildiyini açıqlayıb. Hücumlar nəticəsində 67 hərbçi yaralanıb.
Həmçinin 8 mart tarixində Küveyt hava limanına bir neçə dron və ballistik raket hücumu təşkil edilib. Nəticədə zərbələr hava limanının infrastrukturuna, xüsusilə terminal sahəsinə və uçuş-enmə zolaqlarına ziyan vurub. Küveyt Mülki Aviasiya İdarəsi təhlükəsizlik səbəbindən bütün kommersiya uçuşlarını qeyri-müəyyən müddətə dayandırıb. Hazırda hava limanı yalnız hərbi və təxliyə məqsədləri üçün istifadə olunur.

Bəhreyndə isə 10 gün ərzində 102 raket və 173 dronun qarşısının alındığı bildirilib. Mart ayında Sətra adasındakı neft emalı zavoduna edilən dron hücumu nəticəsində yanğın baş verib və 32 mülki şəxs yaralanıb. Rəsmi qurumlar on gün ərzində yüzlərlə raket və dron hücumunun qarşısının alındığını təsdiqləyib.
İran Bəhreynin su təminatı üçün həyati əhəmiyyət daşıyan suyun şirinləşdirilməsi zavodlarını da hədəf alıb. Nəticədə Sətra adası yaxınlığındakı infrastruktur zərər görüb və ölkənin bəzi bölgələrində su təchizatında kəsintilər yaranıb. Hökumət ehtiyat su anbarlarından istifadəyə başladığını elan edib. 9 mart tarixində baş verən hücumlar zamanı zavod ərazisində və ətraf mülki obyektlərdə 30-dan çox insan yaralanıb.

Qətər Müdafiə Nazirliyi ölkənin hava məkanına doğru hərəkət edən 149 raket və 69 dronun ələ keçirildiyini açıqlayıb. Həmçinin iki “Su-24” qırıcı təyyarəsinin vurulduğu bildirilib.
Qətər rəsmiləri həmçinin Dohadakı Hamad Beynəlxalq Hava Limanını hədəf alan İran raketlərinin havada zərərsizləşdirildiyini açıqlayıblar. Hücum cəhdlərinə baxmayaraq hava limanına birbaşa zərbə dəyməyib.
İranın pilotsuz uçuş aparatları Ras-Laffan və Mesaieed sənaye şəhərlərində yerləşən əsas qaz istehsalı mərkəzlərini də hədəfə alıb. Hücumlardan sonra dövlət şirkəti olan “QatarEnergy” maye qaz hasilatını tamamilə dayandırdığını və alıcılara qarşı fors-major vəziyyət elan etdiyini bildirib.

İordaniya ordusu isə ölkə ərazisini hədəf alan 60 İran mənşəli raket və 59 dronun qeydə alındığını və onlardan 108-nin məhv edildiyini açıqlayıb.

Səudiyyə Ərəbistanında Şeyba neft yatağı və Şahzadə Sultan hava bazası hədəfə alınıb. Rəsmi məlumatlara görə, ən azı 9 raket və 97 dron hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. 9 mart tarixində Riyaddakı ABŞ səfirliyinin yaxınlığında da hücumların qeydə alınıb. Krallığın Şərq əyalətində, Dammam yaxınlığında yerləşən Ras Tanura neft istehsalı müəssisəsinə hücumdan sonra Səudiyyə Ərəbistanının neft emalı zavodu da hədəfə alınıb.

Oman isə bu hücumlar fonunda ən az zərbə alan ölkə kimi diqqət çəkir. Rəsmi məlumatlara görə, ölkə ərazisinə ən azı 8 dron hücumu həyata keçirilib.
Mənbə: Ölkələrin KİV-ləri
Gülbəniz Səfərova






