media-04aa2b2c-56d8-4605-9be0-1c6bd58cc7b3

ABŞ və İran arasındakı münasibətlər son illərdə gərgin və dəyişkən xarakter daşıyıb. Xüsusilə Yaxın Şərqdə, o cümlədən İraq və Yəməndə tərəflərin maraq toqquşmaları çərçivəsində bu qarşıdurma zaman-zaman silahlı insidentlərlə də müşayiət olunub. Lakin son məlumatlara əsasən, İranın dəstəklədiyi silahlı qrupların İraqda silahları yerə qoymağa hazır olduqlarını bəyan etməsi regionda mühüm dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Bu addımı, eyni zamanda, İranın ABŞ-lə yeni toqquşmalardan yayınmaq və diplomatik münasibətlərə yol açmaq cəhdi kimi dəyərləndirmək olar. Maraqlıdır ki, İraqda İrana məxsus silahlı qüvvələrin geri çəkilməsi Tehranın regionda nüfuzunun zəifləməsi ilə əlaqələdir? Yoxsa sadəcə ABŞ-lə qarşıdurmadan yayınmaq üçün müvəqqəti xarakter daşıyan bir addımıdır?
Bu barədə Patrulaz.az-a Tural İsmayılov şərhini verib: “Bu gün İranın İraqdakı şiə silahlı qruplaşmalarını geri çəkməsi ABŞ-nin İrandan gözlədiyi əsas addımlardan biridir. Lakin bu addımın İran tərəfindən ABŞ-nin tələbi kimi yerinə yetirilməsindən daha çox, İranın öz xərclərini optimallaşdırmaq və digər regionlardakı toksik İran qüvvələrinə dəstəyini tənzimləməklə bağlı olduğu bir məsələdir. Buna görə də Amerika Birləşmiş Ştatları ilə İran arasındakı soyuqluqda İraqdakı İran Mərkəzi qüvvələr o qədər də aparıcı rol oynamır”.
media-3fdf4f72-7ca9-4466-90e4-33c36a7d2630
Politoloq İran və ABŞ arasında əsas problemin nüvə məsələsi ilə bağlı olduğunu xüsusilə qeyd etdi:
“Əsas anlaşılmazlıq mövzusu nüvə məsələsində İranın siyasi xəttidir. O cümlədən, ABŞ-nin yeni administrasiyası İrana bu mövzuda dialoq təklifi etsə də, İran tərəfindən bu təklif hazırkı dövrdə kifayət qədər sərt şəkildə cavablandırılır.
Bu baxımdan, düşmürəm ki, İraqdakı İran mərkəzli silahlı qrupların geri çəkilməsi Amerika ilə İran arasındakı münasibətlərdə köklü və müsbət dəyişikliklərə səbəb olsun. Amma bu, eyni zamanda müəyyən qədər bir faktor kimi də dəyərləndirilə bilər. Əgər İranla Amerika arasında nüvə məsələsi ilə bağlı dəyişikliklər baş verərsə, Tehran bu addımı, yəni İraqdakı İran yönümlü qüvvələrin geri çəkilməsini Vaşinqtona tezis kimi irəli sürə bilər. Hər bir halda isə bu gün Amerika ilə İran arasındakı ziddiyyətlərin kökü dərindir. Bunun həm tarixi, həm də sağdaş siyasi situasiya ilə ciddi əlaqələri mövcuddur. Ona görə də, bu problemlərin qısa müddət ərzində həllini gözləmək də absurddur”.
T. İsmayılovun da dediyi kimi, İranın İraqdakı silahlı qruplarını geri çəkməsi, ABŞ ilə münasibətlərdə müsbət dəyişikliklərə səbəb olmasa da, regiondakı güc balansında yeni bir dönüş nöqtəsi yarada bilər. Bu addım həmçinin İranın regional siyasətində optimallaşdırma və strateji xərclərin azaldılması məqsədi daşıya bilər.

Gülbəniz Səfərova


Bənzər xəbərlər