İranın yüksək vəzifəli şəxsləri niyə asanlıqla hədəfə alınaraq vurulur? - ŞƏRH
Yaxın Şərqdə ABŞ və İsrailin fevralın sonlarından İrana qarşı birgə başlatdığı hərbi əməliyyatlar hələ də davam etdirilir. ABŞ müharibəyə qoşulan kimi İranın ali dini lideri Ayətullah Əli Xamenei Tehrandakı malikanəsində zərbələr nəticəsində həlak oldu. Xameninin ölümündən sonra onun yerinə keçən ikinci oğlu Müctəba Xameneinin ortalıqda görünməməsi isə onun sağ olması ilə bağlı şübhələri artırır.
Bu hadisələrdən sonra İranda vəzifəli şəxslərin ard-arda İsrail zərbələri nəticəsində öldürüldüyünün şahidi oluruq. Bu yaxınlarda, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani və “Bəsic” qüvvələrinin komandanı Qolamreza Süleymani də öldürüldü. Bununla yanaşı, müharibə başlayandan İranın keçmiş prezidenti Mahmud Əhmədinejad, general-mayor, Silahlı Qüvvələrin Baş Qərargahının kəşfiyyat üzrə müavini Saleh Əsədi, İran Hərbi Hava Qüvvələrinin komandanı Həmid Vahidi, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə, SEPAH-ın “Vəliyyi-əmr” mühafizə korpusunun keçmiş komandanı İbrahim Cəbbari və digər şəxslərin həlak olduğu bildirilir. Əli Xameneinin öldürülməsi ümumilikdə dünyada ciddi çaşqınlıq yaradıb.
İran rəhbərliyinə aid şəxslərin yerləşdiyi məkanların nisbətən asanlıqla müəyyən edilərək hədəfə alınması suallar doğurur. İran bu cür təhlükələrin qarşısını almaq üçün niyə daha effektiv tədbirlər görmür? Təhlükəsizlik sahəsindəki boşluqlar hansı amillərlə bağlı ola bilər?
Bundan əlavə, bu hadisələr İranın daxili təhlükəsizlik arxitekturasının zəifliyindən xəbər verir, yoxsa daha çox kəşfiyyat və texnoloji üstünlüklə izah olunmalıdır?
Bu barədə politoloq Azad Məsiyev Patrul.az-a öz fikirlərini bölüşüb.
Onun fikrincə, İranda dövlət xadimlərinin asanlıqla yerinin müəyyən edilərək hədəfə alınmasında ABŞ-nin casus şəbəkəsinin rolu böyükdür:
“ABŞ və İsrail uzun müddətdir ki, İranda hərbi əməliyyatlar aparmaq üçün istər hərbi, istərsə də kəşfiyyat sektorunda hazırlıq işləri görürdü. Aparılan əməliyyatlar da göstərir ki, ABŞ-nin casus şəbəkəsi İranın daxilində müxtəlif sektorlarda fəaliyyət göstərir. Bu şəbəkə İranın ali dini lideri Ayətullah Əli Xameneinin öldürülməsi məsələsində və digər güc strukturları daxilində aktiv fəaliyyət göstərir. İstər bir il əvvəl aparılan əməliyyatlar, istərsə də hazırkı hərbi əməliyyatların gedişi onu göstərir ki, İran daxilində ABŞ-nin casus şəbəkəsi kifayət qədər ciddi informasiyaya malikdir. Bu məlumatlar Amerikanın müvafiq qurumlarına ötürülür və hərbi əməliyyatların uğurla həyata keçirilməsi bu informasiyanın dəqiqliyini təsdiqləyir. Eyni zamanda ABŞ İrana qarşı hərbi əməliyyatlarda texniki vasitələrdən, xüsusilə elektron kəşfiyyat imkanlarından istifadə edir. Bildiyimiz kimi, Amerikanın kosmosda yerləşən kəşfiyyat peykləri İran üzərində aktiv müşahidə aparır”.

Politoloq ABŞ-nin texniki vasitələrlə yanaşı, operativ informasiya ötürən agentura şəbəkəsinin də bu proseslərdə mühüm rol oynadığını vurğulayıb:
“Eyni zamanda canlı agentura şəbəkəsi də mövcuddur. Onun təqdim etdiyi məlumatlar texniki vasitələrlə əldə olunan məlumatlardan daha dəqiq olur. İstər Ayətullah Əli Xameneinin, istərsə də digər İran rəsmilərinin hədəfə alınması həm texniki vasitələrin, həm də agentura şəbəkəsinin fəaliyyəti nəticəsində mümkün olur. Hadisələrin gedişi göstərir ki, İranın müvafiq qurumlarında belə bir şəbəkə fəaliyyət göstərir. İran KİV-lərinin məlumatına görə, ABŞ və İsrailə xidmət edən agentura şəbəkəsinin 500-ə yaxın gizli əməkdaşı aşkarlanıb və bu, rəsmi şəxslər tərəfindən də açıqlanıb”.
A.Məsiyev bildirib ki, ABŞ və İsrailin İrana qarşı birgə hərbi əməliyyatlarını nəzərə alaraq beynəlxalq hüquqa görə Tehran hakimiyyətinin özünü müdafiə etmək hüququ var.
Onun sözlərinə görə, buna baxmayaraq beynəlxalq münasibətlərdə çox vaxt “güc haqlıdır” prinsipi üstünlük təşkil edir:
“Bu hadisələr onu göstərir ki, ABŞ və İsrail İranda özlərinə uyğun hakimiyyət formalaşdırmaq və ölkəni strateji məqsədləri üçün istifadə etmək istəyirlər. Ümumilikdə İran Amerika və İsrail qarşısında müqavimət göstərsə də, onların texniki imkanları ilə müqayisədə geri qalır. Buna baxmayaraq, Tehran hökuməti öz ərazilərinin təhlükəsizliyini qorumaq üçün mübarizə aparır. Beynəlxalq hüquqa əsasən, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsinə görə hər bir dövlətin özünü müdafiə etmək hüququ var. ABŞ və İsrailin həyata keçirdiyi hücumlar nəticəsində dinc əhali də zərər görür. Minabda ibtidai sinif qızlar məktəbinə endirilən zərbə nəticəsində 200-ə yaxın uşağın həlak olması insanlıq əleyhinə cinayət kimi qiymətləndirilə bilər. Buna baxmayaraq, dünya siyasəti çox vaxt beynəlxalq hüquqla deyil, güc amili ilə tənzimlənir. ABŞ İranda hakimiyyət dəyişikliyinə çalışsa da, Tehran ideoloji dövlət olaraq kifayət qədər dayanıqlı idarəetmə strukturlarına malikdir. Yüksək vəzifəli şəxslərin həlak olmasına baxmayaraq, onları əvəz edəcək kadr potensialı mövcuddur və dövlət institutları fəaliyyətini davam etdirir”.
Həmsöhbətimizin sözlərinə görə, bu müharibədə ABŞ hərbi baxımdan üstün mövqedə olsa da, onun İranda həyata keçirdiyi əməliyyatlar siyasi müstəvidə bəzi ölkələr tərəfindən tənqid olunur:
“ABŞ bazalarına və İsrailə atılan raketlər göstərir ki, İran da cavab vermək imkanına malikdir. Hələlik ABŞ və İsrail İranda qarşıya qoyduqları bütün məqsədlərə nail ola bilməyiblər. ABŞ hərbi baxımdan üstün olsa da, siyasi müstəvidə müəyyən qədər təklənib. ABŞ Prezidenti Donald Tramp da etiraf edir ki, NATO müttəfiqləri bu proseslərdə Vaşinqtonu tam dəstəkləmir. Bu baxımdan ABŞ siyasi çətinliklərlə üzləşsə də, hərbi əməliyyatlarını davam etdirir. Fevralın 28-dən başlayan əməliyyatlar İranın müqavimətini hələlik qıra bilməyib. Yüksək vəzifəli şəxslərin həlak olmasına baxmayaraq, İran cəmiyyəti müqavimət göstərir və cavab addımları atır. Bu proseslərin yekun nəticəsinin necə olacağını isə indidən demək çətindir”.
Gülbəniz Səfərova






