media-f15a55f2-d7f0-4e89-af9c-fe26d46a76e7

İslandiyanın Grindavik şəhəri və yaxınlıqdakı məşhur Blue Lagoon termal kompleksi vulkan püskürməsi səbəbindən təxliyə edilib.

Patrulaz.az xəbər verir ki, İslandiya Meteorologiya İdarəsinin məlumatına görə, səhər saatlarında Grindavik yaxınlığında vulkan püskürməyə başlayıb. Saat 10:00-da lava şəhərin şimalındakı müdafiə divarlarını keçib və saat 12:35-ə qədər çatların uzunluğu 1200 metrə çatıb.

İslandiyanın mülki müdafiə direktoru vəziyyətin təhlükəli olduğunu bildirərək xəbərdarlıq edib: “Maqma tuneli əvvəlki püskürmələrdən daha uzun olduğu və daha çox maqma toplandığı üçün bu püskürmə daha böyük ola bilər. Şəhərdə qalanlar dərhal ərazini tərk etməlidir”,-deyə qeyd edib.

Turistlər şurasının sözçüsü Snorri Valsson isə vulkanik qaz çirklənməsi riskinin olduğunu vurğulayıb: “Ərazi növbəti bildirişə qədər tamamilə bağlanıb. Küləyin istiqamətindən asılı olaraq qaz çirklənməsi baş verə bilər və vəziyyət diqqətlə izlənilir.”

Xatırladaq ki, 2023-cü ilin noyabr ayında da Grindavikdə baş verən vulkan püskürməsi nəticəsində 3800 sakininin əksəriyyəti digər bölgələrə köçmək məcburiyyətində qalmışdı.

Qeyd edək ki, Bu Reykjanes yarımadasında 2021-ci ildən bəri baş verən 11-ci püskürmədir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər