media-inshot_20260409_144358816

Məlum olduğu kimi, aprelin 7-də Pakistanın baş naziri Şahbaz Şərifin vasitəçiliyi ilə təklif olunan 2 həftəlik atəşkəsə müharibənin 40-cı günündə İran, İsrail və ABŞ razılıq verib. 10 bəndlik razılaşmada Livanda “Hizbullah” da daxil olmaqla bütün “müqavimət” cəbhələrində müharibənin və təcavüzün dayandırılması məsələsi də yer alıb.

Lakin İsrail və ABŞ atəşkəsin Livana aid olmadığını bildirdikdən sonra “Dəmir Qübbə” ölkəyə hücumlarını davam etdirməyə başlayıb.

Dünən Livanın paytaxtı Beyrut da daxil olmaqla digər ərazilərinə endirilən zərbələr nəticəsində bir gündə 254 nəfər mülki şəxs həlak olub. Bununla əlaqədar ölkədə milli matəm elan edilib. Bütün bu hücumları qınayan Pakistan rəhbərliyi isə atəşkəsin Livana da şamil olunduğunu bildirir.

Tehran hökuməti də İsrailin Livana hücumlarını “atəşkəsin pozulması” aktı adlandıraraq Hörmüz boğazından neft tankerlərinin keçidini bağlayıb. İranın xarici işlər naziri Abbas Əraqçi də Trampın atəşkəsə razılıq versə də, müharibəni İsrail vasitəsilə davam etdirdiyini söyləyib.

Bəs bu proseslərin gedişində tərəflərdən hansı haqlıdır? Atəşkəs həqiqətən də Livana da şamil olunurmu? Və yaxud da İsrail Livana hücumları ilə atəşkəsi pozmuş sayılır?

Bu məsələdə İsrail tərəfinin haqlı olduğunu Patrul.az-a açıqlamasında bildirən politoloq Turan Rzayev qeyd edib ki, burada əsas məqam bir çox ölkələr tərəfindən terror təşkilatı kimi tanınan Livandakı “Hizbullah”a qarşı aparılan hərbi əməliyyatlardır:

“Burada söhbət Livan dövlətindən deyil, orada fəaliyyət göstərən “Hizbullah” silahlı birləşməsindən gedir. Yəni İsrail faktiki olaraq Livanla müharibə şəraitində deyil, burada fəaliyyət göstərən və İsrail ərazilərinə zərbələr endirən İranın proksi qüvvəsi olan “Hizbullah”la mübarizə aparır.

Prinsip etibarilə atəşkəs sazişi dövlətlər arasında imzalanmalıdır. Sözügedən Yaxın Şərqdə atəşkəsi təmin edən saziş müstəqil ölkələr – ABŞ, İsrail və İran arasında imzalanmalıdır. Ona görə də “Hizbullah”ın atəşkəsin bir parçası olmaması başadüşüləndir. Çünki bu silahlıları terror təşkilatının qruplaşması kimi qəbul edən bir çox dövlət var. Terror təşkilatı ilə də atəşkəs imzalana bilməz. Bu baxımdan İsrail Livanda əməliyyatlarını davam etdirəcəyini bildirib”.

media-inshot_20260409_144545842

Politoloqun sözlərinə görə, Livan hökuməti də ölkə daxilində özbaşına fəaliyyət göstərən “Hizbullah”a qarşı İsrailin apardığı əməliyyatlarda maraqlıdır:

“Livan Prezidenti də İsrail-ABŞ-İran atəşkəsini dəstəkləyib. Amma məsələ ondadır ki, Livan hökuməti ölkəsində fəaliyyət göstərən “Hizbullah”a qarşı effektiv tədbirlər görə bilmir. Bu baxımdan İsrail də Livana dəfələrlə “Hizbullah”ın tərksilah edilməsini tələb edib. Odur ki, Livanın bu addımı atmaması İsrailin bu istiqamətdə əməliyyatlarını davam etdirməsinə səbəb olur. Əslində Livan ərazilərinə endirilən zərbələr bu qruplaşmaya qarşı keçirilən əməliyyatların bir hissəsidir. Bu, Livan tərəfinin də maraqlarına uyğundur. Çünki “Hizbullah” illərdir Livanda dövlət daxilində dövlət kimi fəaliyyət göstərir və bu da hökumətin siyasi proseslərinə ciddi təsir edir.

Burada əsas qırılma nöqtəsi İsrailin nəzarətsiz gücdən istifadə etməsidir. Yəni “Hizbullah”la mübarizə kontekstində mülki şəxslər həyatını itirir, Livanın bir sıra strateji obyektlərinə ziyan vurulur. Bütün bunlar təbii olaraq Livan hökumətini narahat edir. Buna görə də indiki məqamda hökumət nə İsrailin əməliyyatlarına “dur” deyə bilir, nə də “Hizbullah”ı tərksilah etdirə bilir”.

T.Rzayev A.Əraqçinin yanaşmasını düzgün hesab etməyərək bildirib ki, İsrailin Livana zərbələri atəşkəsin pozulması deyil, ölkənin “Hizbullah” təhlükəsindən qorunmasıdır:

“Abbas Əraqçinin yanaşması doğru deyil. Burada söhbət İrana endirilən zərbələr fonunda atəşkəsdən gedir. İsrailin Livana zərbə endirməsinin İrana nə aidiyyəti var? Aydın məsələdir ki, “Hizbullah” İranın proksi qüvvəsidir…Lakin bu qruplaşmanın yerləşdiyi Livan əraziləri İrana aid deyil. Bu yanaşma doğru deyil. İsrail əslində Livana endirdiyi zərbələrlə “Hizbullah”ı sıradan çıxarmağa və öz təhlükəsizliyini təmin etməyə çalışır. Necə ki, İrana endirilən zərbələr doğru deyil, indiki məqamda da Tehran hökumətinin “Hizbullah” məsələsinə bu formada münasibət bildirməsi doğru deyil”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər