İsrail və Türkiyənin gərgin münasibətlərində Azərbaycanın diplomatik əhəmiyyəti... - ŞƏRH
Son zamanlar İsrail və Türkiyə arasında artan siyasi gərginliklər beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Bu iki regional güc arasında yaşanan münasibətlərin soyuması yalnız tərəflərin deyil, bütövlükdə Yaxın Şərqdə sabitliyin gələcəyi üçün də ciddi təhlükə yaradır. Regionda sülhə təhdid yaradan belə bir vəziyyətdə Azərbaycan diplomatik mövqeyi ilə önə çıxır. Belə ki, Azərbaycan həm qardaş Türkiyə, həm də dost İsraillə balanslı ikitərəfli əlaqələri ilə seçilir.
Maraqlıdır ki, belə həssas geosiyasi vəziyyətdə Türkiyə və İsrail arasında hərbi toqquşma ehtimalı nə dərəcədə yüksəkdir? Regionda baş verən proseslərə əsaslanaraq, Türkiyə və İsrail arasında münasibətlərin gələcəyi və Azərbaycanın iki ölkə arasında oynaya biləcəyi diplomatik rolu xüsusilə maraqlıdır. Məsələyə aydınlıq gətirən politoloq Aydın Quliyev Patrulaz.az-a açıqlamasında həm İsrail-Türkiyə xəttindəki gərginliyin dərəcəsini, həm də Azərbaycanın mümkün vasitəçilik imkanlarını işıqlandırdı:
“İsrail-Suriya münasibətlərinin hazırda son dərəcə gərgin olduğu danılmaz bir faktdır. Bu vəziyyəti görməmək və inkar etmək mümkün deyil. Gərginlik yalnız bir nöqtədə deyil, ən azı iki istiqamətdə özünü göstərir: Həm Suriya, həm də Fələstin-İsrail münasibətləri kontekstində… Hər iki məsələ üzrə tərəflərin mövqeləri kəskin şəkildə fərqlənir. İllərdir ki, bu vəziyyətin davam etməsinə baxmayaraq, münasibətlərin prinsipial şəkildə yaxınlaşmasına dair heç bir əlamət müşahidə olunmur. Əksinə, müşahidələr göstərir ki, bu münasibətlər istər Suriya, istərsə də Qəzza məsələsində daha da kəskinləşə bilər”.
Bu qədər ziddiyyətli yanaşmaların kökündə hansı məqsədlərin dayandığını izah edən politoloq, Türkiyə və İsrailin bölgədəki əsas strateji planlarını açıq şəkildə Patrulaz.az-a açıqladı:
“Türkiyənin yanaşması Qəzzada İsrailin soyqırımı törətməsi tezisi üzərində formalaşır. İsrailin mövqeyi isə, Türkiyəni Yaxın Şərqin daxili işlərinə həddindən artıq müdaxilə etməkdə ittiham etməyə əsaslanır. Bu qədər fərqli mövqeləri uzlaşdırmaq təbii olaraq olduqca çətindir. Suriya məsələsində də iki ölkənin münasibətləri getdikcə daha sərtləşir. İsrail açıq şəkildə Suriyada Türkiyənin möhkəmlənməsini istəmir. Hətta, İsrail bu məqsədlə Suriyanın bölünməsinə də razı ola bilər. Belə ki, İsrail, Suriyada Rusiya, ABŞ və digər qeyri-rəsmi silahlı qrupların müəyyən dərəcədə mövcudluğunu qəbul edir, yetər ki, Türkiyə burada aparıcı mövqe tutmasın. Belə bir vəziyyətdə İsrail və Türkiyənin həm Qəzza, həm də Suriya məsələsində ortaq mövqeyə gəlməsi olduqca çətin görünür”.
Politoloq düşünür ki, bölgədə partlayışa çevrilə biləcək bu siyasi gərginliyi cilovlaya biləcək yeganə qüvvə ABŞ-dir:
“Amma bu mənzərədə müəyyən ümidverici amil də var. Bu, ABŞ-nin hər iki ölkə ilə yaxın münasibətidir. ABŞ İsraili özünün təbii geosiyasi müttəfiqi, Türkiyəni isə NATO üzrə strateji tərəfdaşı kimi qəbul edir. Məhz bu səbəbdən onların toqquşmasının qarşısını alacaq əsas qüvvə ABŞ ola bilər. Təbii ki, bu da aşıla biləcək bir həddir. Əgər İsrail-Türkiyə münasibətləri düzgün şəkildə idarə olunmazsa, yaranacaq nəticələri öncədən proqnozlaşdırmaq çətin olar”.
A.Quliyev Azərbaycanın bu məsələdəki roluna toxunaraq vurğuladı ki, Bakı indiyə qədər Türkiyə və İsrail arasında gərginliyi azaltmaq istiqamətində səmərəli mövqe nümayiş etdirib. Lakin o, gələcəkdə proseslərin daha da gərginləşəcəyi təqdirdə, Azərbaycanın bu prosesə hansı dərəcədə təsir göstərə biləcəyinin qeyri-müəyyən olduğunu bildirir:
“Azərbaycanın bu məsələdəki mövqeyinə gəldikdə isə, ölkəmiz İsrail və Türkiyə arasında baş verən ziddiyyətlərin yaranmasında iştirak etmir. Azərbaycan sadəcə olaraq, iki ölkə arasında münasibətlərin tənzimlənməsində yaxşı niyyətli vasitəçi kimi çıxış edə bilər. İndiyədək də bu cür təşəbbüslərlə çıxış edib və nəticələri pis olmayıb. Azərbaycan bir dəfə artıq bu iki ölkə arasında barışdırıcı rol oynayıb. Lakin hazırkı şəraitdə ölkəmizin bu prosesə nə dərəcədə təsir göstərə biləcəyini qəti şəkildə söyləmək çətindir. Çünki burada söhbət dövlətlərin həyati və geostrateji maraqlarının toqquşmasından gedir. Bütün bunlara baxmayaraq, Azərbaycan müəyyən səviyyədə müsbət rol oynamaqda davam edə bilər”.
Gülbəniz Səfərova