İsrailin hücumlarına qarşı müsəlman ölkələri niyə fərqli siyasət yürüdür? - ŞƏRH
Son günlər İsrailin HƏMAS-a qarşı həyata keçirdiyi əməliyyatlar beynəlxalq gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. Rəsmi İsrail hökuməti bildirir ki, bu addımlar dini zəmində qarşıdurma deyil, dövlətin milli təhlükəsizliyini təhdid edən qüvvələrin zərərsizləşdirilməsi məqsədi daşıyır. Lakin məsələnin diqqət çəkən tərəfi müsəlman ölkələrinin bu proseslərdə vahid mövqe nümayiş etdirə bilməməsi və fərqli siyasi addımlar atmasıdır.
Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bu barədə Patrulaz.az-a açıqlamasında bildirib ki, İsrailin təhlükəsizliyinə təhdid edən qüvvələrin zərərsizləşdirilməsi planına daxildir. Bu baxımdan, İsrailin Qətərə hücumu da həmin planın tərkib hissəsi sayılır:
“İsrailin Qətərdə Həmas liderlərinin zərərsizləşdirilmə əməliyyatı rəsmi olaraq Qətərə hücum kimi qiymətləndirilir. Bildirilir ki, bu hücum barədə Qətər hakimiyyətinə əvvəlcədən məlumat verilmişdir. Digər tərəfdən, İsrail hökuməti 2023-cü il oktyabrın 7-dən sonra bəyan etmişdir ki, HƏMAS və İsrailin təhlükəsizliyinə təhdid edən istənilən silahlı qrupları dəstəkləyən liderlər xarici ölkələrdə yerləşsələr belə, zərərsizləşdiriləcəklər. Yəni, İsmail Həniyənin, Xalid Məşəlin Qətərdə öldürülməsi, həmçinin HƏMAS daxilində yeni liderlərdən Yehya Sinvar kimi şəxslərin sıradan çıxarılması İsrailin hədəflərindəndir.
İrana qarşı hücum zamanı da İnqilab Keşikçiləri Qvardiyasının başçılarının öldürülməsi və s. İsrailin təhlükəsizliyinə təhdid edən qüvvələrin zərərsizləşdirilməsi planına daxildir. Bu baxımdan, İsrailin Qətərə hücumu da həmin planın tərkib hissəsi sayılır”.
S. Soltan vurğulayıb ki, müsəlman ölkələrinin problemləri öz aralarındadır, vahid konsepsiyaları yoxdur:
“Müsəlman ölkələrinin bu hadisəyə cavab verməməsinə gəlincə, ilk növbədə, islam ölkələri arasında nə siyasi birlik, nə də mənəvi birlik nümayiş olunmur. Bunun da çoxsaylı səbəbləri var. Məlum səbəblər sırasında müsəlman ölkələri arasındakı ziddiyyətlər, münaqişələr, hətta bir-biriləri ilə müharibə vəziyyətində olmaları göstərilə bilər. Bunu kənar qüvvələr deyil, məhz müsəlman ölkələrinin özləri yaradır. Bu kimi birliyin olmaması da belə hadisələrin baş verməsinə şərait yaradır.
Məsələn, İran İslam Respublikası Fələstini müdafiə şüarı irəli sürsə də, sonradan məlum olur ki, İran hakimiyyəti Fələstin məsələsindən İsrailə qarşı öz ideyalarını həyata keçirmək üçün alət kimi istifadə edir. Yəni, bu cür yanaşmalar müsəlman ölkələri arasında birliyin yaranmamasına təsir göstərir. Müsəlman ölkələrinin problemləri öz aralarındadır – vahid konsepsiyaları yoxdur. Onlar nə bayramda birləşə bilirlər, nə də savaşda”.
Həmçinin politoloq Qarabağ müharibəsi zamanı İsrailin Azərbaycana siyasi dəstəyini də vurğulayıb:
“İsrailin HƏMAS-a qarşı fəaliyyəti xristian, müsəlman və ya yəhudi münasibətlərinin aydınlaşması deyil. İsrail, təhlükəsizliyinə təhdid edən qüvvələri sıradan çıxarır. Yəni, İsrail yəhudi dövlətidir, Azərbaycan isə müsəlman ölkəsidir. Qarabağın işğaldan azad olunması dövründə, müharibə zamanı İsrail Azərbaycanı siyasi cəhətdən dəstəklədi. Amma bir sıra müsəlman ölkələri isə Ermənistan ərazisinə hərbi texnikanın keçməsi üçün yardım etdilər. Belə bir vəziyyət müsəlman ölkələrinin birləşməsinə imkan vermir”.
Nəticə etibarilə, İsrailin HƏMAS-a qarşı fəaliyyəti dinlərarası qarşıdurmadan çox, təhlükəsizlik məsələsi ilə bağlıdır. Lakin müsəlman ölkələrinin daxili ziddiyyətləri və parçalanmış mövqeləri onların həmrəyliyini zəiflədir və belə hadisələrdə vahid mövqe nümayiş etdirmələrinə mane olur.
Cəmilə Cəfərzadə






