media-inshot_20260403_142746074

Məlum olduğu kimi, İsrail parlamenti (Knesset) terrorda təqsirləndirilən fələstinlilər üçün ölüm cəzasını nəzərdə tutan qanunu qəbul edib. Qanun layihəsinin lehinə 62, əleyhinə isə 48 deputat səs verib. Ölüm hökmü məhkəmənin qərarı qüvvəyə mindikdən sonra 90 gün ərzində icra olunacaq.

Qanun layihəsi bir çox beynəlxalq təşkilat tərəfindən tənqid olunsa da, niyə buna qarşı əsaslı tədbirlər görülmür? Başqa millətdən olan bu şəxslərə ölüm cəzası nə dərəcədə düzgündür?

Bununla bağlı Patrul.az-a politoloq Turan Rzayev öz fikrini bölüşüb.

Onun sözlərinə görə, bu qərar İsrailin qanunvericiliyinə uyğun atılmış addım olduğundan ona qarşı çıxmaq dövlətin daxili işlərinə müdaxilə sayılır:

“İsrail tərəfinin əslində məsələyə baxış bucağı belədir ki, bu qərar terrorda təqsirləndirilən fələstinlilərə qarşı tətbiq olunacaq. Daha dəqiq desək, HƏMAS üzvü olan və ya Hizbullaha xidmət edən şəxslərə şamil ediləcək. Bu həm işğal edilən ərazilərə, həm də İsraildə yaşayan fələstin əsilli şəxslərə aid olacaq.

Bu gün İsraildə on minlərlə fələstinli yaşayır. Hətta İsrail parlamentində fələstin əsilli deputatlar da fəaliyyət göstərir. Yəni onların bir çoxu İsrail vətəndaşı olan fələstinlilərdir və bu cəza onlara da tətbiq edilə bilər”.

media-inshot_20260403_142443660

Politoloq İsrailin Fələstin xalqına qarşı ayrı-seçkilik siyasətini xatırladaraq, bu cəzanın da onun bir hissəsi olduğunu vurğulayır:

“Ölüm cəzası artıq az sayda ölkədə tətbiq olunur. Dünyanın bir çox ölkələri bu cəzanı ləğv edib. Amma İsrailin yenidən belə bir qərar qəbul etməsi, üstəlik bunu məhz fələstinlilərə (etnik azlıqlara) şamil etməsi qərəzli yanaşmadır. Bunun heç bir əsaslı izahı yoxdur. Aydındır ki, İsrail hökuməti fələstinlilərə qarşı ayrı-seçkilik edir, ərazilərin demoqrafik vəziyyətini dəyişmək istəyir. Böyük ehtimalla, bu qanun çərçivəsində bir çox günahsız fələstinli də cəzalandırıla bilər. Düzdür, terror şəbəkələrinə xidmət edən fələstinlilər var, amma onların hamısını terrorda ittiham etmək olmaz. İsrail də böyük ehtimalla bu qanunun yaratdığı imkanlardan sui-istifadə edəcək”.

“Bir çox beynəlxalq təşkilatlar İsrailin fələstinlilər üçün tətbiq etdiyi ölüm cəzasını tənqid edib. Lakin bu, İsrailin daxili qanunu olduğundan hər hansı təşkilatın ona qarşı ciddi addım atması çətindir. Dövlətlərin daxili işlərinə müdaxilə hər zaman mümkün olmur. Amma bəzi təşkilatlar öz hesabatlarında İsrailin qanun pozuntularına yol verdiyini qeyd edəcək. Nəticə etibarilə isə bunun İsrailə ciddi təsir göstərəcəyini düşünmürəm”, – deyə T.Rzayev əlavə edib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər